Media xidmətləri
Media xidmətləri WUF13-ün maneəsiz işıqlandırılması üçün zəruri vasitə və alətləri təmin edir. Bu bölmə media nümayəndələrini (fəaliyyətlərinin hər bir mərhələsində) dəstəkləmək üçün təlimatlar, resurslar və praktiki yardım təklif edir.
WUF13 Radiospektrin idarə edilməsi portalı
Akkreditə olunmuş iştirakçılar forum məkanında radiotezlik ayrılmasını tələb edən simsiz cihazlarının istifadəsi üçün WUF13 Radiospektrin idarə edilməsi portalı vasitəsilə qeydiyyatdan keçməli və radiospektr üzrə müraciəti təqdim etməlidirlər.
Forum məkanına gəldikdə iştirakçılar qeydiyyatdan keçmiş və təsdiqlənmiş cihazlarının texniki yoxlamadan keçirilməsi və etiketlənməsi üçün Radiospektrin test və etiketlənmə masasına yaxınlaşmalıdırlar. Yalnız uğurla sınaqdan keçmiş və etiketlənmiş cihazların forum ərazisində istifadəsinə icazə veriləcək.
Simsiz cihazlardan istifadə və portalda naviqasiya ilə bağlı ətraflı məlumat Simsiz Cihazların Qeydiyyatı və İstifadəsinə dair Texniki Təlimatda təqdim olunur.
Bütün simsiz cihazların qeydiyyatı və radiospektr müraciətləri 30 aprel 2026-cı il tarixinədək təqdim edilməlidir. Bu tarixdən sonra daxil olan müraciətlərin icrasında gecikmələr yarana bilər.
Simsiz cihazların qeydiyyatı və radiospektr müraciətlərinin təqdim edilməsi ilə bağlı hər hansı sual və ya texniki dəstək üçün spectrum@wuf13.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.
Portativ canlı yayım cihazlarının qeydiyyatı
WUF13 tədbiri çərçivəsində portativ canlı yayım cihazlarından (LiveU, WMT, TVU və s.) istifadə etməyi planlaşdıran media nümayəndələri “Portativ canlı yayım cihazları üçün qeydiyyat forması”nı təqdim etməlidirlər.
Formanı dolduraraq mövzu hissəsində “Portativ canlı yayım cihazları üçün qeydiyyat forması” qeyd etməklə, 1 may 2026-cı il tarixinədək spectrum@wuf13.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Stabil və fasiləsiz fəaliyyəti təmin etmək, eləcə də texniki nasazlıqların qarşısını almaq məqsədilə bu cihazlar yalnız SIM kart əsaslı mobil şəbəkə vasitəsiylə istifadə edilməli və giriş nöqtəsi (Access Point – AP) funksiyası deaktiv edilməlidir.
Media üçün gömrük proseduru
Azərbaycana müvəqqəti olaraq gətirilən bütün media avadanlıqları ölkəyə gəlməzdən ən azı 72 saat əvvəl E-Customs: Elektron Gömrük Xidmətləri Portalı vasitəsilə bəyan edilməlidir.
Media nümayəndələri Azərbaycana daxil olarkən aşağıda qeyd olunan sənədləri gömrük əməkdaşına təqdim etməlidirlər:
- Akkreditasiyanı təsdiq edən məktub
- WUF13 Radiospektrin idarə edilməsi portalından QR kod (simsiz cihazlar üçün)
- Sərnişinlər üçün sadələşdirilmiş bəyannamə (çap edilmiş surəti və ya QR kod)
- Bəyan edilmiş mallar
Ölkədən çıxış zamanı media nümayəndələri ölkəyə daxil olarkən təqdim etdikləri bəyannaməni müvafiq mallarla birlikdə gömrük əməkdaşına təqdim etməlidirlər.
Bəyannamənin tərtib edilməsi ilə bağlı ətraflı məlumat Media Avadanlıqlarının Gömrük Proseduru üzrə İstifadəçi Təlimatında təqdim olunur.
İdxal və ixrac qaydaları üzrə ən son məlumatları Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet saytının “Səyahətçilər üçün ümumi məlumat” bölməsindən əldə edə bilərsiniz.
Gömrük proseduru ilə bağlı hər hansı sualınız olarsa, mediaservices@wuf13.az elektron poçt ünvanı vasitəsilə biizmlə əlaqə saxlaya bilərsiniz.
WUF13 məkanından kənarda foto-video çəkiliş
WUF13-də iştirak üçün akkreditə olunmuş xarici media nümayəndələri WUF13 məkanından (Bakı Olimpiya Stadionundan) kənarda yalnız Azərbaycanın müvafiq orqanlarından icazə aldıqdan sonra video və ya foto çəkilişlər apara bilərlər.
Sorğu formasını bu link vasitəsilə yükləmək mümkündür. Formada nəzərdə tutulmuş mövzular / çəkiliş məkanları qeyd olunmalı və sənəd multimedia@wuf13.az elektron poçt ünvanına göndərilməlidir.
Nəzərinizə çatdırırıq ki, həmin məkanlarla bağlı hər hansı giriş ödənişini dəqiqləşdirmək media nümayəndələrinin məsuliyyətindədir.
Özəl mülklərdə çəkiliş aparmaq üçün media nümayəndələri zəruri təşkilati işləri görmək məqsədilə müvafiq qurumlarla birbaşa əlaqə saxlamalıdırlar. Maneəsiz çəkiliş təcrübəsini təmin etmək və hər hansı potensial problemin qarşısını almaq üçün bütün məlumatları əvvəlcədən dəqiqləşdirməyi tövsiyə edirik.