MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ

Dayanıqlılıq

Dayanıqlılıq Siyasəti

Məram

WUF13 dayanıqlı, inklüziv və iqlimədavamlı tədbir təşkilatçılığı sahəsində qlobal nümunə olmağı hədəfləyir. Məqsədimiz bu tədbiri ekoloji məsuliyyəti, sosial bərabərliyi və innovativ dayanıqlı təcrübələri təşviq edən, eyni zamanda iqlimədavamlı və gələcəyə hazır şəhərlər üzrə milli hədəflərə töhfə verən nüfuzlu bir foruma çevirməkdir.


Missiya

Məqsədimiz WUF13 tədbirini əməliyyat səmərəliliyini və ölçüləbilən dayanıqlılıq nəticələrini təmin edən, minimal ekoloji təsir və maksimum sosial dəyər yaradan dayanıqlı tədbir təşkilatçılığı modeli əsasında həyata keçirmək, eyni zamanda Azərbaycan, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və qlobal WUF ictimaiyyəti üçün uzunmüddətli müsbət miras formalaşdırmaqdır.


Strateji sütunlar  

WUF13 Dayanıqlılıq Siyasəti Azərbaycan Hökuməti ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında imzalanmış sazişin öhdəliklərinə uyğun olaraq dörd strateji sütun üzərində qurulmuşdur. Həmçinin, bu siyasətin əsasında ISO tələbləri, BMT-nin Məskunlaşma Proqramının gözləntiləri, BMT standartları və Azərbaycanın milli prioritetləri dayanır. 


Sütun 1: Tədbir məkanı və resursların dayanıqlı idarə edilməsi

WUF13 tədbir məkanları və əməliyyatları çərçivəsində resurslardan səmərəli istifadəni, ətraf mühitə təsirin azaldılmasını və dövri iqtisadiyyat prinsiplərinin tətbiqini prioritet istiqamət kimi müəyyən edir. Tədbir çərçivəsində məsuliyyətli planlaşdırma və satınalma yanaşmaları tətbiq olunaraq enerji səmərəliliyi, su ehtiyatlarının qorunması, dayanıqlı materiallardan istifadə və tullantıların kompleks idarə olunması təmin edilir. Bununla yanaşı, istifadə olunan resursların tədbirdən sonra yenidən istifadəsi, bərpası və təkrar emalı təşviq edilir.


Sütun 2: Karbon emissiyalarının idarə olunması və iqlim fəaliyyəti

Aşağı karbon emissiyalı yanaşmalar WUF13 tədbirinin bütün mərhələlərinə sistemli şəkildə inteqrasiya olunur, eyni zamanda planlaşdırma və əməliyyat proseslərində iqlim dayanıqlılığının gücləndirilməsinə xüsusi önəm verilir. Bu istiqamətdə emissiyaların ölçülməsi, azaldılması və kompensasiya olunması üzrə tədbirlər həyata keçirilir. Yanaşma dayanıqlı nəqliyyat həllərinin təşviqi, iqlimə uyğun layihələndirmə prinsiplərinin tətbiqi və karbon kompensasiyası təşəbbüslərini əhatə etməklə tədbirin ümumi ekoloji təsirinin minimuma endirilməsini hədəfləyir.


Sütun 3: Miras və yerli təsir

WUF13 tədbirinin əsas məqsədlərindən biri Azərbaycan üçün uzunmüddətli sosial, ekoloji və iqtisadi dəyərlər formalaşdırmaqla yanaşı, tədbirdən sonra ölçüləbilən və davamlı faydalar yaratmaqdır. Bu yanaşma yerli iqtisadi iştirakın təşviqini, inklüziv ictimai iştirakçılığın gücləndirilməsini və dayanıqlı şəhərsalma nəticələrinin dəstəklənməsini əhatə edir. Eyni zamanda, ətraf mühitə təsirin monitorinqi üçün etibarlı mexanizmlər tətbiq edilərək uzunmüddətli inkişaf və potensial artım təmin edilir.


Sütun 4: İnklüzivlik, müyəssərlik və texniki təhlükəsizlik

WUF13 dayanıqlı və iqlimədavamlı şəhərsalma prinsiplərinə uyğun olaraq bütün iştirakçılar üçün əlçatan, inklüziv və təhlükəsiz tədbir mühiti yaratmağı hədəfləyir. Bu çərçivədə WUF13 tədbir boyunca bütün iştirakçıların tam, rahat və təhlükəsiz şəkildə iştirakını təmin etmək məqsədilə bərabər imkanların yaradılmasını, universal əlçatanlıq standartlarının tətbiqini və kompleks təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini təşviq edir.