MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ

Təbiət

Xarıbülbül

Xarıbülbül

Azərbaycanın endemik bitkisi olan Xarıbülbül Qarabağ və Şuşa şəhərinin rəmzidir. Bu bitki daha çox Şuşanın Cıdır Düzü və Qızıl Qaya adlanan ərazilərində yayılaraq Azərbaycanın azadlıq rəmzinə çevrilmişdir. Qafqazın endemik növü kimi, Xarıbülbül Azərbaycan Respublikasının nadir növlərin Qırmızı Kitabına daxil edilib. Elmi adı “Ophrys Caucasica” olsa da, görünüşcə bülbülə bənzədiyi üçün azərbaycanlılar bu bitkini “Xarıbülbül” adlandırılıb. “Xar” sözü “tikan” deməkdir, yəni “tikan üzərində oturub oxuyan bülbül”. Xarıbülbül Qarabağ bölgəsində biomüxtəlifliyin simvolu olaraq qeydiyyata alınıb. 

Çinar ağacı

Çinar ağacı

Azərbaycan mədəniyyətində çinar ağacı (Platanus orientalis) yalnız təbii element deyil, həm də tarixi məna daşıyan mühüm şəhərsalma komponenti kimi qiymətləndirilə bilər. Uzunömürlülüyü, möhtəşəm ölçüləri və geniş kölgəsi ilə çinar əsrlər boyu həyatın davamlılığı və icma birliyinin rəmzi hesab olunmuşdur. Orta əsrlərə aid Azərbaycan şəhərlərinin əksəriyyətində meydan–bulaq–məscid–hamam–çinar kompozisiyasına rast gəlinir.

Tarixən şəhər və kənd planlaşdırılmasında çinar ağacları mühüm rol oynamışdır. Dərin kök sistemi yeraltı sularla qidalandığından, bu ağaclar torpağın bərkiməsinə və ətraf tikililərin dayanıqlılığının artmasına müsbət təsir göstərmişdir. Çinarlar əsasən meydanlarda, məscid və karvansaraların ətrafında, eləcə də yol kənarlarında əkilərək həm kölgəlik yaradır, həm də ictimai toplaşma məkanlarının formalaşmasına xidmət edirdi. Xüsusilə isti iqlim şəraitində onlar insanların gündəlik sosial həyatında mühüm yer tutaraq istirahət və ünsiyyət üçün təbii mərkəz rolunu oynayırdı.

Azərbaycan ərazisində onlarla qədim çinar ağacı qorunub saxlanılmışdır. Şəkidə təxminən 500 yaşı olduğu ehtimal edilən iki çinar ağacı tarixi əhəmiyyətli təbiət abidələri hesab olunur. Bu ağaclar yerli sakinlər tərəfindən müqəddəs sayılır və hazırda qorunan təbiət abidələri siyahısına daxildir. Basqal qəsəbəsində yerləşən tarixi çinar isə dünyada kitabəsi olan nadir çinar ağaclarından biridir. Kitabədə onun 1563-cü ildə Şeyx Məhəmmədin oğlu Şeyx Səfayi tərəfindən əkildiyi qeyd edilir. Nəhəng gövdəyə və iri koğuşa malik bu ağac yerli əhali üçün ziyarətgah kimi qəbul olunur.

Bəsitçay Dövlət Təbiət Qoruğu Azərbaycan Respublikasının Zəngilan rayonunda, Bəsitçay hövzəsində yerləşir. Buradakı təbii çinar meşəsi sahəsi və ağacların fiziki göstəriciləri baxımından dünyada ən iri və nadir çinar meşələrindən biri hesab olunur. Məhz Şərq çinarının qorunması məqsədilə 107 hektar ərazidə bu təbiət qoruğu yaradılmışdır.

Zəfəran

Zəfəran

Zəfəran Azərbaycan mədəniyyətində həm iqtisadi, həm də qastronomik baxımdan xüsusi yer tutan qiymətli bitkidir. Tarixən onun əsas becərilmə və ticarət mərkəzi Bakı şəhəri və xüsusilə Abşeron yarımadası olmuşdur. Bu ərazi iqlim və torpaq xüsusiyyətlərinə görə zəfəran yetişdirilməsi üçün əlverişli şərait yaratmış, nəticədə məhsul həm daxili tələbatın ödənilməsi, həm də ixrac məqsədilə istehsal edilmişdir.

Zəfəran qədim dövrlərdən etibarən Böyük İpək Yolu vasitəsilə müxtəlif regionlara daşınmış, Azərbaycanı Şərq və Qərb bazarları ilə birləşdirən mühüm ticarət məhsullarından biri olmuşdur. Onun yüksək dəyəri və nadirliyi zəfəranı təkcə kulinariya sahəsində deyil, həm də ticarət və mədəni mübadilə baxımından strateji əhəmiyyətə malik məhsula çevirmişdir.

Azərbaycan mətbəxində zəfəran əsas ədviyyatlardan biri hesab olunur. Xüsusilə plov, müxtəlif şirniyyatlar və bəzi içkilərin hazırlanmasında istifadə edilərək yeməklərə özünəməxsus rəng, ətir və dad bəxş edir. Bu xüsusiyyətlərinə görə zəfəran həm gündəlik mətbəxdə, həm də mərasim və xüsusi süfrələrdə mühüm yer tutur və Azərbaycan kulinariya ənənələrinin ayrılmaz hissəsi kimi bu gün də geniş tətbiq olunur.

Qızılgül

Qızılgül

Qızılgül Azərbaycan mədəniyyətində estetik, tibbi və qastronomik baxımdan mühüm yer tutan bitkilərdən biridir. Əsrlər boyu ölkənin müxtəlif bölgələrində becərilən qızılgül həm gözəllik və zəriflik rəmzi kimi qəbul edilmiş, həm də gündəlik həyatın müxtəlif sahələrində - qastronomiyada, təbabətdə, mərasim ənənələrində və digər istiqamətlərdə geniş tətbiq olunmuşdur.

Azərbaycan qastronomiyasında qızılgül xüsusi aromatik komponent kimi istifadə edilir, ənənəvi müalicə üsullarında isə müxtəlif dəmləmələr və məhlullar - mürəbbə, gül suyu (gülab) və digər formalarda tətbiq olunur. Bağlarda, həyətlərdə, ictimai məkanlarda və saray komplekslərində əkilən qızılgüllər landşaftın estetik dəyərini artırmış, şəhərsalma və bağçılıq mədəniyyətinin formalaşmasına mühüm təsir göstərmişdir.

Zaqatalanın Aşağı Tala kəndində yerləşən “Lecheq Farm & Distillery” təsərrüfatının qızılgül plantasiyalarında gəzintiyə çıxan hər kəs özünü sanki əsl cənnətdə hiss edir. 2016-cı ildən fəaliyyət göstərən bu təsərrüfatda Dəməşq qızılgülü, dar yarpaqlı lavanda və nanə kimi bitkilər yetişdirilir.

Lavanda

Lavanda

Lavanda bütün dünyada bəzək bitkisi kimi, kulinariyada ədviyyat olaraq və müalicəvi xüsusiyyətlərinə görə efir yağlarının əldə edilməsi üçün müxtəlif məqsədlərlə becərilir. Bu yağlar narahatlıq, infeksiyalar, yaralar, ağrılar və saç tökülməsinə qarşı istifadə olunur. Zərif və xoş ətri ilə seçilən lavanda həm də çoxşaxəli tətbiq imkanları ilə yüksək dəyər qazanır.

Lavandanın geniş faydalarını kəşf etmək üçün Azərbaycanda turistlər Qəbələnin şimal-qərb bölgəsində, Qafqaz dağlarının ətəyində yerləşən “Essenso” lavanda plantasiyasını ziyarət edə bilərlər - 30 hektarlıq bu lavanda ferması Çuxur Qəbələ kəndində yerləşir.