Ümumi
WUF13 nədir?
WUF13 BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF) On Üçüncü sessiyasıdır. Bu sessiya dayanıqlı şəhərsalma sahəsində BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikasının Hökuməti tərəfindən Bakıda təşkil olunan qlobal konfransdır. Sözügedən tədbir şəhərlərin gələcəyini müzakirə etməklə yanaşı, daha inklüziv, davamlı və dayanıqlı şəhər mühitini qurmaq üçün innovativ həllərini paylaşmaq məqsədilə dövlət və hökumət liderləri, ekspertlər, bu sahədə inkişaf istiqamətlərini müəyyənləşdirən dairələr və icmaları bir araya gətirir.
WUF13 nə vaxt və harada keçiriləcək?
WUF13 17-22 may 2026-cı il tarixlərində Heydər Əliyev Prospekti 323 ünvanında yerləşən Bakı Olimpiya Stadionunda keçiriləcək. Tədbir məkanının yerləşdiyi ünvan barədə daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
WUF13-də kimlər iştirak edə bilər?
Dayanıqlı şəhər inkişafı ilə maraqlanan hər kəs və hər bir təşkilat WUF13 tədbirində iştirak edə bilər. Buraya milli və yerli hökumət rəsmiləri, şəhər planlaşdırması üzrə mütəxəssislər və memarlar, vətəndaş cəmiyyəti və icma təşkilatları, akademik dairələr və elmi işçilər, özəl sektor nümayəndələri, gənclər və ictimai hərəkat üzvləri, eləcə də media nümayəndələri və geniş ictimaiyyət daxildir. Tədbirdə iştirak ödənişsiz olsa da, qeydiyyatdan keçmək tələb olunur.
WUF13-ün əsas mövzusu nədir?
WUF13-ün əsas mövzusu “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” adlanır. WUF13 çərçivəsində əsas diqqət müasir dövrün ən aktual şəhər problemlərinin həllinə yönələcək. Buraya iqlimə davamlı və dayanıqlı şəhər inkişafı, inklüziv və əlçatan mənzil təminatı, şəhər innovasiyaları və ağıllı texnologiyalar, gənclərin cəlb olunması və yerli icmaların iştirakı daxildir. Tədbirin mövzusu və gündəliyi barədə daha ətraflı məlumat keçidlərdə təqdim olunur.
WUF13-də sərgi və tərəfdaşlıq imkanları nəzərdə tutulur?
Bəli, WUF13-də “Urban Expo” sərgisi, şəbəkələşmə tədbirləri, təlim sessiyaları və tərəfdaşların rəhbərliyi altında dialoqların təşkili üçün şərait yaradılacaq. Öz layihələrini nümayiş etdirmək və ya sessiyalar keçirmək istəyən təşkilatlar rəsmi platforma üzərindən müraciət edə bilər. “Urban Expo” sərgisində iştirak üçün müraciətin son tarixi: 10 aprel 2026-cı ildir.
WUF13-də iştirak ödənişlidir?
WUF13-də iştirak ödənişsizdir, lakin bütün iştirakçılar əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Səfər, qonaqlama və viza məsələlərinin təşkili iştirakçıların öz məsuliyyətindədir.
Sessiyalar hansı dillərdə keçiriləcək?
Ümumdünya Şəhərsalma Forumunun işçi dili ingilis dilidir. Açılış və bağlanış sessiyaları, dialoqlar, xüsusi sessiyalar, dəyirmi masalar və mətbuat konfranslarında Azərbaycan dili, BMT-nin altı rəsmi dili - ingilis, fransız, ispan, rus, ərəb və çin dilləri üzrə sinxron tərcümə, eləcə də surdotərcümə (işarə dili) təmin ediləcək.
WUF13 loqosunun yüksək keyfiyyətli versiyasını haradan əldə etmək olar?
Təşkilatınız, eləcə də loqonun istifadə təyinatı və faylın formatı haqqında məlumatları müraciət sorğusu ilə birlikdə brand@wuf13.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Media nümayəndələri akkreditasiyadan necə keçməlidir?
WUF13 üçün media akkreditasiyası UN-Habitat tərəfindən razılaşdırılmış prosedur çərçivəsində idarə olunur. Müraciət üçün linkə keçid edə bilərsiniz.
Media nümayəndələri sorğuları hansı qaydada göndərə bilərlər?
Media nümayəndələri sorğularını media@wuf13.az elektron poçtuna göndərərək rəsmi müraciət edə bilərlər.
WUF13 proqramı, eləcə də tədbirlərin hansı tarix və saatda keçiriləcəyi barədə məlumatı necə əldə etmək mümkündür?
WUF13 çərçivəsində keçiriləcək müxtəlif tədbirlərin dəqiq vaxtları barədə yaxın zamanda məlumat təqdim olunacaq.
Qeydiyyat və akkreditasiya
WUF13-də iştirak üçün necə qeydiyyatdan keçmək mümkündür?
WUF13-də iştirak üçün iki qeydiyyat formatı mövcuddur: onlayn və əyani. Qeydiyyat prosesinin rəsmi veb-sayt üzərindən daha səmərəli və rahat şəkildə tamamlanması məqsədilə iştirakçılara onlayn qeydiyyatdan keçmək tövsiyə olunur. Bütün iştirakçılar, nümayəndələr və qonaqlar üçün onlayn qeydiyyat prosesi UN-Habitat təşkilatının Qlobal Tədbir İdarəetmə Sistemi (GEMS) vasitəsilə həyata keçirilir.
Əyani qeydiyyat isə WUF13-ün keçirildiyi məkanda fəaliyyət göstərəcək Akkreditasiya və Qeydiyyat Mərkəzində həyata keçiriləcəkdir.
Akkreditasiyanı/qeydiyyatı təsdiqləyən yaxa nişanını nə zaman və haradan əldə etmək mümkündür?
WUF13 üçün nəzərdə tutulmuş yaxa nişanları tədbirin keçirildiyi məkan olan Bakı Olimpiya Stadionunda yerləşən Akkreditasiya və Qeydiyyat Mərkəzində təqdim ediləcəkdir.
Qeydiyyatdan keçən iştirakçılar üçün yaxa nişanlarının təqdim edilməsi 14-22 may 2026-cı il tarixlərində həyata keçiriləcək.
WUF13 yaxa nişanını əldə etmək üçün hansı sənədlər təqdim edilməlidir?
WUF13 yaxa nişanını əldə etmək üçün Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyəti təsdiq edən sənəd, xarici ölkə vətəndaşları isə etibarlı pasport təqdim etməlidirlər.
“Urban Expo” sərgisi
“Urban Expo” nədir?
WUF13 çərçivəsində keçirilən beynəlxalq “Urban Expo” sərgisi tədbir boyu fəaliyyət göstərəcək və şəhərsalma sahəsində dayanıqlı həlləri nümayiş etdirəcək. Sərgidə mənzil təminatı, nəqliyyat, enerji və iqlim dəyişmələri kimi mövzularda innovativ layihələr və ən yaxşı təcrübələr təqdim olunacaq.
Burada həm kiçik stendlər, həm də qeyri-rəsmi tədbirlər üçün iri pavilyonlar yer alacaq. Sərgini ziyarət etmək üçün WUF13 tədbirində əvvəlcədən qeydiyyatdan keçmək tələb olunur. Daha ətraflı məlumat üçün “Urban Expo” sərgisində iştirak üçün təlimat səhifəsinə keçid edə bilərsiniz.
“Urban Expo”da kimlər sərgi iştirakçısı kimi təmsil oluna bilər?
“Urban Expo” sərgisində Birləşmiş Millətlər Təşkilatı və onun üzv dövlətləri, yerli və regional idarəetmə qurumları, vətəndaş cəmiyyəti institutları, akademik dairələr, özəl sektor nümayəndələri və digər təşkilatlar öz stendləri və ya pavilyonları ilə təmsil oluna bilərlər. Sərgidə yer almaq istəyən iştirakçılar ərizə ilə müraciət edə bilər. Sərgi iştirakçılarının ərizələri “ilk müraciət edənə üstünlük” prinsipi əsasında seçiləcək. “Urban Expo” zamanı məhsul satışı qadağandır.
Qayda və tələblər, eləcə də sərgi sahəsinin və ya hazır stendlərin qiymətləri barədə daha ətraflı məlumatı “Urban Expo” sərgisində iştirak üçün təlimat sənədindən əldə edə bilərsiniz.
“Urban Expo” sərgisində yer bron etmək üçün son tarix hansıdır?
“Urban Expo” sərgisində iştirak üçün müraciətlərin qəbulu üzrə son tarix 10 aprel 2026-cı il olaraq müəyyən edilib.
Bu istiqamətdə bütün yeniliklər və əlavə məlumatlar mütəmadi olaraq sərginin rəsmi veb-saytında dərc olunacaq.
Sərginin montajı, keçiriləcəyi günlər və sökülmə mərhələlərinə dair vaxt cədvəli “Urban Expo” sərgisində iştirak üçün təlimat sənədində öz əksini tapacaq.
“Urban Expo”da sərgi iştirakçısı kimi necə qeydiyyatdan keçmək olar?
Qlobal Tədbir İdarəetmə Sistemi (GEMS) platformasında iştirakçıya məxsus istifadəçi panelinin menyusundan “Applications” (“Ərizə formaları”) bölməsini seçməklə, “Urban Expo” sərgisində iştirak üçün müraciət edə bilərsiniz. Sərgi sahəsi ilə bağlı müraciətiniz ilkin olaraq nəzərdən keçiriləcək. Müraciət təsdiq olunduğu halda, müvafiq ödəniş həyata keçirildikdən sonra rəsmiləşdiriləcəkdir.
“Urban Expo” da sərgi sahəsi və ya hazır stendlər hansı qiymətə təklif olunur?
Hazır stendlər və ya boş sərgi sahəsi (iri, xüsusi sifarişlə dizayn edilmiş pavilyonlar üçün), eləcə də qiymət təklifləri ilə bağlı ətraflı məlumatı “Urban Expo” sərgisində iştirak üçün təlimat sənədindən əldə edə bilərsiniz.
Sərgi iştirakçısı kimi qeydiyyatdan keçdikdən sonra WUF13 iştirakçısı kimi də qeydiyyatdan keçmək lazımdırmı?
Sərgi iştirakçısı kimi qeydiyyatdan keçən şəxslər WUF13 tədbirinin bütün sessiya və tədbirlərində iştirak edə bilər.
Sərgi iştirakçıları bütün tədbir boyu öz stendlərində/pavilyonlarında olmalıdırlar?
Bəli, sərgi iştirakçıları bütün tədbir boyu öz stend və ya pavilyonlarında ən azı bir əməkdaşın olmasını təmin etməlidirlər.
Sərgi iştirakçısı kimi qeydiyyatdan keçmiş şəxslər WUF13-ün iclaslarında da iştirak edə bilərmi?
Qeydiyyatdan keçmiş hər bir sərgi iştirakçısı WUF13 çərçivəsində bütün iştirakçılar üçün açıq olan iclaslara da qatıla bilər.
Yalnız “Urban Expo” sərgisini ziyarət etmək istəyən şəxslər qeydiyyatdan keçməlidirmi?
Bəli, yalnız “Urban Expo” sərgisini ziyarət etmək istəyən şəxslər də qeydiyyatdan keçməli və WUF13 yaxa nişanını əldə etməlidir.
Tərəfdaş tədbirlərində iştirak
Əsas tədbirlərlə yanaşı, 7 kateqoriya üzrə tərəfdaş tədbirləri də təşkil olunacaq:
- Şəbəkələşmə tədbirləri
- Şəhərlərin səsi
- DİM-lərin təcrübədə reallaşdırılması
- Şəhər kitabxanası
- “Vahid BMT”
- WUF Akademiyasının tədbirləri
- Şəhər kinoteatrı
Daha ətraflı məlumat üçün bu linkə daxil ola bilərsiniz.
Viza
WUF13-də iştirak üçün Azərbaycana səfər edən zaman viza tələb olunur?
Viza tələbləri iştirakçının vətəndaşlığından asılı olaraq dəyişə bilər. İştirakçılara səfər etməzdən əvvəl Azərbaycanın viza qaydalarını nəzərdən keçirmək tövsiyə olunur. WUF13 iştirakçıları üçün nəzərdə tutulmuş əlavə məlumat və təlimat materialları tezliklə təqdim ediləcək.
Qonaqlama
WUF13-də iştirak üçün səfər edən zaman hotel və ya digər qonaqlama yerlərini necə bron etmək olar?
WUF13 üçün vahid onlayn rezervasiya platforması istifadəyə verilmişdir: https://accommodation.wuf13.az/. Rəsmi rezervasiya platforması bütün tədbir iştirakçıları üçün açıqdır. İştirakçılar platformada qeydiyyatdan keçdikdən sonra tədbir tarixlərinə uyğun yaşayış yerlərini bron edə bilərlər. Tədbir iştirakçılarına tövsiyə olunur ki, üstünlük verdikləri yaşayış yerlərinin mövcudluq məhdudiyyətini nəzərə alaraq mümkün qədər erkən rezervasiya etsinlər.
WUF13 iştirakçıları üçün hansı qonaqlama növləri təklif olunur?
Bütün kateqoriyadan olan hotellər və hotel xidmətləri təklif edən yaşayış yerləri də daxil olmaqla, WUF13 iştirakçıları üçün geniş çeşiddə qonaqlama seçimləri mövcuddur. İştirakçıların fərqli tələb və büdcə imkanları nəzərə alınmaqla, sorğu əsasında hostellər kimi əlavə yerləşmə seçimlərinin təşkili də mümkündür.
Portal vasitəsilə birdən çox otaq və ya qrup şəklində yerləşmək üçün yer rezervasiya etmək olar?
Bəli, fərdi istifadəçilər portal vasitəsilə 9 otaq rezervasiya edə bilərlər. Daha böyük qrup rezervasiyaları üçün WUF13-ün qonaqlama komandası ilə elektron poçt vasitəsilə əlaqə saxlamaq tövsiyə olunur: accommodation@wuf13.az
Qonaqlama portalında hotel nömrələrinin əlçatanlığı (boş otaqlar) və qiymətlər real vaxt rejimində təqdim olunacaq?
Bəli, reservasiya portalında sadalanan bütün qonaqlama yerləri üzrə boş otaqlar və qiymətlər real vaxt rejimində göstərilir.
WUF13 tədbir məkanının yaxınlığında büdcəyə uyğun qonaqlama seçimləri mövcuddur?
Bəli, mərkəzi rezervasiya platformasında kateqoriya və büdcə üzrə çeşidlənmiş, müxtəlif qonaqlama təklifləri təqdim olunacaq. Beləliklə, iştirakçılar üstünlük verdikləri ən uyğun seçimi edə biləcəklər.
Qonaqlama portalında hesab yaratmaq üçün nə edilməlidir və ya mövcud hesaba necə daxil olmaq olar?
Rezervasiyanı tamamlamaq üçün iştirakçılar ilkin olaraq qonaqlama portalında qeydiyyatdan keçməlidirlər; bu proses bir neçə dəqiqə çəkir. Bütün istifadəçilər qonaqlama portalına sərbəst şəkildə daxil ola bilərlər.
Portal vasitəsilə rezervasiyam dəyişdirilə və ya ləğv edilə bilərmi?
Sistem məhdudiyyətlərinə görə rezervasiyaya birbaşa dəyişiklik və ya düzəliş etmək mümkün olmayacaq. Rezervasiya ilə bağlı bütün dəyişiklik sorğuları qonaqlama üzrə xüsusi dəstək komandası tərəfindən accommodation@wuf13.az elektron poçtu vasitəsilə qəbul edilir.
Portal üzərindən rezervasiya etdikdən sonra təsdiq məktubu və ya sənəd göndəriləcək?
Bəli, portal vasitəsilə rezervasiya tamamlandıqdan dərhal sonra sizə təsdiqedici elektron məktub göndəriləcək.
Viza müraciəti üçün portaldakı rezervasiya təsdiqindən istifadə etmək olarmı?
Bəli, rəsmi rezervasiya portalından verilən təsdiq sənədi və qeydiyyatı təsdiq edən məktub viza müraciəti zamanı təqdim edilə bilər.
Qonaqlama portalında hansı ödəniş metodları qəbul edilir?
Qonaqlama portalı ödənişləri kredit kartı və köçürmə yolu ilə qəbul edir.
Tam ödəniş rezervasiya, yoxsa gəliş zamanı tələb olunur?
Rezervasiya zamanı tam ödənişin edilməsi tələb olunur.
Portal üzərindən rezervasiya etdikdən sonra invoys və ya qəbz göndəriləcək?
Bəli, rezervasiya tamamlandıqdan sonra sistem avtomatik olaraq təsdiq məktubu və ödəniş qəbzi yaradacaq.
Portal ilə bağlı problemlər və ya rezervasiya dəstəyi üçün kimə müraciət edilməlidir?
Portal və rezervasiya məsələləri ilə bağlı bütün sorğuların accommodation@wuf13.az elektron poçtu vasitəsilə dəstək komandasına yönləndirilməsi xahiş olunur.
Rəsmi hotellərdə WUF13 üzrə məlumat və ya qonaqlar üçün dəstək masaları olacaq?
Bəli, cəlb olunmuş rəsmi hotellərin sayını nəzərə alaraq, iştirakçılara yardım məqsədilə xüsusi WUF13 qarşılama masaları ayrılacaq.
Əlçatanlıq və inklüzivlik
WUF13-də hansı əlçatanlıq tədbirləri təmin olunacaq?
WUF13 bütün iştirakçılara inklüziv və əlçatan təcrübəni təmin etmək öhdəliyinə sadiqdir və bu məqsədlə müxtəlif ehtiyacları dəstəkləyən və tam iştirakı mümkün edən geniş çeşiddə əlçatanlıq tədbirlərini həyata keçirir. WUF13-də bir sıra əlçatanlıq xidmətləri təqdim olunur. Buraya daxildir:
- Təkərli oturacaqlardan istifadə edən fiziki məhdudiyyətli şəxslər üçün dəstək tədbirləri: panduslar və liftlər, xüsusi qeydiyyat və yardım masaları, ehtiyat təkərli oturacaqlar, daşınan enerji stansiyaları, texniki qulluq və təmir məntəqələri, eləcə də əlçatan sanitar qovşaqlar və iaşə sahələri.
- Görmə məhdudiyyətli iştirakçılar üçün dəstək tədbirləri: taktil xəritələr, Brayl əlifbalı nişan və broşürlər, yüksək kontrastlı markerlər, taktil yol plitələri, bələdçi itlər üçün xüsusi tualet/istirahət sahələri və tam əlçatan veb-sayt.
- Xidməti və bələdçi itlər üçün açıq havada üç tualet/istirahət sahəsi, baytarlıq müayinə otağı və ev heyvanları üçün uyğun hotellərin bron edilməsi üzrə dəstək.
- Eşitmə və nitq məhdudiyyətli iştirakçılar üçün dəstək: əsas tədbir və mərasimlərdə surdotərcümə, audio induksiya sistemləri, canlı transkripsiya (CART) və istəyə bağlı ödənişli tərcüməçi xidməti.
- Koqnitiv dəstək: üç sakit otaq, gizli dəstək ehtiyaclarını bildirmək üçün “günəbaxan” simvollu lentlər, eləcə də görünməyən məhdudiyyəti olan iştirakçılara yardım üçün xüsusi təlim keçmiş heyət.
- Nəqliyyat üzrə dəstək: əlçatan avtobuslar, taksilər və metro xidmətləri, xüsusi ayrılmış parklanma və minmə-enmə yerləri, eləcə də bələdçi itlərin bütün nəqliyyat vasitələrində daşınmasına icazə verilməsi.
Xüsusi əlçatanlıq ehtiyacları olduğu halda, kimə müraciət edilməlidir?
Əlçatanlıqla bağlı hər hansı yardıma ehtiyac yaranarsa, WUF13 əlçatanlıq komandası ilə accessibility@wuf13.az elektron poçtu vasitəsilə əlaqə saxlamaq olar. Komanda bütün iştirakçılar üçün inklüziv və rahat təcrübəni təmin etmək məqsədilə lazımi təlimat və dəstəyi təqdim edəcək.
WUF13 məkanında bələdçi itlər üçün hansı şərait və xidmətlər mövcuddur?
WUF13 zamanı bələdçi və xidməti itlərin məkana keçidinə icazə verilir və onlar üçün açıq havada üç istirahət sahəsi ayrılacaqdır. Ehtiyac olduqda, bələdçi itlər ayrıca baytarlıq müayinə otağı ilə təmin ediləcək. Bələdçi itlə səfər edən iştirakçılar ev heyvanları üçün uyğun hotellərin bron edilməsi məqsədilə WUF13 komandası ilə əvvəlcədən əlaqə saxlamalıdır. WUF13 Azərbaycan Əməliyyat Şirkətinin əlçatanlıq komandası ilə e-poçt üzərindən əlaqə saxlaya bilərsiniz: accessibility@wuf13.az
WUF13-də fiziki məhdudiyyətli iştirakçılar üçün ayrıca nəzarət-buraxılış keçidi nəzərdə tutulurmu?
WUF13 məkanında fiziki məhdudiyyətli iştirakçılar üçün nəzarət-buraxılış yerləri xüsusi sürətli keçid zolağı ilə təmin ediləcək. Rahatlıq və məxfiliyin qorunması üçün təhlükəsizlik yoxlamasının aparılması məqsədilə xüsusi otaq ayrılacaq. Hava limanı, qonaq xidmətləri, təhlükəsizlik və nəqliyyat üzrə işçi heyətləri fiziki məhdudiyyətli iştirakçılara yardım göstərmək və bütün proses boyu həm inklüziv, həm də dəstək xarakterli təcrübəni təmin etmək üçün xüsusi təlim keçmişdir.
Təqdim olunan xidmətlərə daxil olmayan xüsusi əlçatanlıq ehtiyacları olduğu halda, kimə və necə müraciət edilməlidir?
Əlavə yardım və ya xüsusi əlçatanlıq sorğuları üçün accessibility@wuf13.az elektron poçtu üzərindən WUF13 Azərbaycan Əməliyyat Şirkətinin əlçatanlıq komandası ilə əlaqə saxlamaq olar.
Məkanda əlçatan sanitar qovşaqlar mövcuddur?
Bəli, tədbir məkanı əlçatan sanitar qovşaqlarla təchiz olunub.
Hansı nəqliyyat növləri əlçatan funksiyalarla təmin olunacaq?
Hava limanı, hotellər və WUF13 məkanı arasında əlçatan funksiyalı avtobuslar, eləcə də taksi və metro xidmətləri mövcuddur. WUF13 çərçivəsində istifadə olunan bütün nəqliyyat vasitələri təkərli oturacaqdan istifadə edən fiziki məhdudiyyətli istifadəçilər və digər əlçatanlıq ehtiyacları olan şəxslər üçün nəzərdə tutulmuş müvafiq beynəlxalq standartlara cavab verir. Tədbir məkanının yaxınlığında əlçatan parklanma sahələri və xüsusi minmə-enmə yerləri ayrılıb. WUF13 üçün təmin edilən bütün nəqliyyat vasitələrində bələdçi itlərin daşınmasına icazə verilir.
Əlçatan metro məlumatları üçün Bakı Metropoliteninin veb-saytına daxil ola bilərsiniz: https://metro.gov.az/en/page/muddealar/elcatan-metro
Qeyd: Metro daxilində bələdçi itlərə icazə verilmir
Tədbir məkanının yaxınlığında əlçatan parklanma və ya minmə-enmə yerləri mövcuddur?
Bəli, taksilər, avtobuslar və bələdçi itlərlə gələn iştirakçılar üçün xüsusi parklanma və əlçatan minmə-enmə yerləri mövcuddur.
Nəqliyyat
WUF13 vebsaytında nəqliyyat haqqında məlumatı haradan əldə edə bilərəm?
Nəqliyyat barədə ətraflı məlumat “Səfər bələdçisi” bölməsində təqdim olunur. Bu bölmədə tədbir məkanına çatma imkanları, ictimai nəqliyyat marşrutları, xüsusi transfer xidmətləri və digər əlaqəli məlumatlarla tanış ola bilərsiniz.
İaşə xidmətləri
WUF13 məkanında hansı növ qida seçimləri təqdim olunacaq?
Tədbir məkanında müxtəlif pəhriz tələblərinə cavab verən geniş qida seçimləri təqdim olunacaq. Menyuda həm yerli, həm də beynəlxalq mətbəxdən bitki əsaslı və ət tərkibli yeməklər, eləcə də qlütensiz və halal qida məhsulları yer alacaq.
Tədbir çərçivəsində iaşə xidmətləri ilə bağlı hansı dayanıqlılıq tədbirləri görülür?
WUF13-də dayanıqlılıq əsas prioritetlərdən biridir. Nəqliyyatdan yaranan karbon emissiyalarını azaltmaq üçün yerli məhsulların tədarükünə üstünlük verilir. Qida tullantılarının idarə olunması üzrə ciddi protokollar tətbiq edilir, bioparçalanan və təkrar emal oluna bilən qablaşdırma materiallarından istifadə olunur. Həmçinin, enerji baxımından səmərəli mətbəx avadanlıqları ilə ətraf mühitə təsir minimuma endirilir.
Birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik qablardan istifadə olunacaq?
Xeyr, birdəfəlik plastik qablardan istifadə edilməyəcək. WUF13 bütün iaşə əməliyyatlarında ekoloji cəhətdən təmiz və təkrar istifadə oluna bilən alternativlərdən istifadə etməklə dayanıqlılıq prinsiplərinə tam riayət edir.
Qida və içki məntəqələri harada yerləşəcək?
Tədbir məkanında restoranlar, “al götür” (“grab-and-go”) tipli iaşə məntəqələri və qəhvə guşələri daxil olmaqla, müxtəlif qida və içki obyektləri fəaliyyət göstərəcək.
Tədbir məkanında içməli su təmin ediləcək?
Tədbir məkanının müxtəlif əlçatan nöqtələrinə su dispenserləri quraşdırılacaq.
Tədbir məkanına şəxsi qida və içkilərlə daxil olmaq mümkündür?
Qida təhlükəsizliyi məqsədilə iştirakçılardan şəxsi qida və içki gətirməmələri tövsiyə olunur.
Tədbir məkanında qida və içkilərin qiymətləri necə müəyyənləşdiriləcək?
Qida və içkilərin qiymətləri yerli bazar tarifləri əsasında müəyyənləşdiriləcək.
Qida allergiyası və ya xüsusi pəhriz tələbləri olan ziyarətçilər üçün hansı tədbirlər görülür?
Təqdim olunan bütün qida məhsulları üzərində allergenlərlə bağlı məlumatı aydın və görünən şəkildə əks etdirən etiketlər yerləşdiriləcək.
Tədbirin dayanıqlığı
WUF13 zamanı iştirakçılar dayanıqlı təcrübələrə necə töhfə verə bilərlər?
İştirakçılara tövsiyə edilir ki, tədbir zamanı təkrar istifadə üçün nəzərdə tutulmuş su qablarından istifadə etməklə, tullantıları minimuma endirməklə, lazımsız materialları (plastik, kağız və ya məişət tullantılarını) növünə uyğun olaraq xüsusi ayrılmış qutulara yerləşdirməklə, rəqəmsal materiallara üstünlük verməklə və dayanıqlı nəqliyyat növlərini seçməklə dayanıqlılığa dəstək olsunlar.
WUF13 həm iştirakçılar, həm də tərəfdaşlar arasında dayanıqlılıqla bağlı məlumatlılığı necə artırır?
WUF13 dayanıqlılıqla bağlı məlumatlılığın artırılmasını sosial media kanalları və rəsmi veb-sayt vasitəsilə aparılan aydın və ardıcıl kommunikasiya, tədbir məkanında təqdim olunan məlumatlandırıcı təlimatlar, eləcə də məsuliyyətli davranış təcrübələrini təşviq edən interaktiv sessiyalar vasitəsilə həyata keçirir. Tədbir çərçivəsində iştirakçılar və tərəfdaşlar bu prinsiplərə fəal şəkildə qoşulmağa, eləcə də onları tədbirdən sonrakı fəaliyyətlərində tətbiq etməyə təşviq olunur.
WUF13-ün dayanıqlılıq üzrə səy və təşəbbüsləri haqqında daha ətraflı məlumatı haradan əldə etmək olar?
WUF13-ün rəsmi veb-saytı və sosial media kanalları tədbir çərçivəsində həyata keçirilən dayanıqlılıq üzrə səy və təşəbbüslərlə bağlı mütəmadi və ətraflı məlumat təqdim edir.
Tədbirdən sonra WUF13 dayanıqlılıq fəaliyyətlərinin nəticələri necə paylaşılacaq?
Tədbir başa çatdıqdan sonra WUF13 Azərbaycan Əməliyyat Şirkəti faktiki karbon ayaq izi, emissiyaların azaldılması və kompensasiyası üçün görülmüş tədbirlər, eləcə də digər dayanıqlılıq təşəbbüslərinin nəticələrini əks etdirən ətraflı Dayanıqlılıq Hesabatı dərc edəcək.
WUF13 çərçivəsində təkrar istifadə oluna bilən su qabları veriləcək?
Bəli, iştirakçılara təkrar istifadə edilən bilən su qabları veriləcək, məkanda isə birdəfəlik plastik tullantıları azaltmaq üçün su doldurma stansiyaları yerləşdiriləcək.
Sağlamlıq, Əməyin təhlükəsizliyi və Ətraf mühit (SƏTƏM)
Azərbaycanda fövqəladə hallar üçün nəzərdə tutulmuş əlaqə nömrələri hansılardır?
Azərbaycanda fövqəladə hallar zamanı əsas əlaqə nömrələri bunlardır: Yanğın: 101; Polis: 102, Təcili Tibbi Yardım: 103 və Vahid Qaynar Xətt: 112.
Fövqəladə hallarda bu nömrələrə həftədə 7 gün, bütün gün ərzində 24 saat zəng edə bilərsiniz.
Xəstələndikdə və ya xəsarət aldıqda hansı addımlar atılmalıdır? Tədbir məkanında tibb məntəqələri fəaliyyət göstərəcək?
WUF13 məkanında 7 ilkin tibbi yardım otağı fəaliyyət göstərəcək və burada həkimlər və tibb bacıları hazır olacaq. Xəstələnsəniz və ya xəsarət alsanız, dərhal ən yaxın tibbi yardım otağına müraciət etməlisiniz.Tədbir zamanı təlim keçmiş tibbi heyət fövqəladə hallarda operativ dəstək təmin edəcək. Əgər tibbi yardım otağına gedə bilməsəniz, çağırış edərək kömək istəyə bilərsiniz. Heyət sizə yerində yardım göstərmək üçün göndəriləcək.
Qeyd: Əlavə tibbi müalicə və ya hospitalizasiya tələb olunarsa, xəstəxana və ya klinikalarda göstərilən xidmətlər iştirakçının hesabına həyata keçiriləcək. Buna görə də ziyarətçilərə tibbi səyahət sığortası əldə etmələri tövsiyə olunur. Tibbi sual və ya təkliflər üçün hse@wuf13.az ünvanına yazaraq WUF13 tibbi komandası ilə əlaqə saxlaya bilərsiniz.
Fövqəladə vəziyyət baş verərsə, təxliyə necə həyata keçiriləcək?
Fövqəladə vəziyyət baş verərsə, ümumi həyəcan siqnalı veriləcək və hər kəs ən yaxın toplanma məntəqəsinə yönləndirilməlidir. Lokal və ya qismən (məsələn, konkret konfrans zalı üzrə) təxliyə tələb olunduqda, təlimatlar səsli elan sistemi vasitəsilə veriləcək. Yanğın təhlükəsizliyinə cavabdeh şəxslər iştirakçıları təhlükəsiz şəkildə ən yaxın toplanma məntəqəsinə istiqamətləndirəcəklər.
Tədbir çərçivəsində iştirakçıların sağlamlıq və təhlükəsizliklə bağlı sual və narahatlıqları necə nəzərə alınır və həll olunur?
İştirakçılar sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi ilə bağlı bütün sual və narahatlıqlarını +994 55 201 14 40 nömrəsi və ya hse@wuf13.az e-poçt ünvanı vasitəsilə bildirə bilərlər.
Mobil operatorlar və cihazların qeydiyyatı
Azərbaycanda hansı mobil rabitə operatorları mövcuddur?
Azərbaycanda mobil rabitə xidmətləri təklif edən üç əsas şirkət var: “Azercell”, “Bakcell” və “Nar Mobile”. Bu operatorlar səsli rabitə ilə yanaşı, 4G/3G və mobil internet xidmətlərini də təmin edir.
Azərbaycanda mobil telefonun qeydiyyatı nə üçün tələb olunur və bu prosesi harada həyata keçirmək olar?
Azərbaycanda 30 gündən artıq qalmağı planlaşdırırsınızsa və telefonunuzu yerli SİM kartla istifadə etmək istəyirsinizsə, ölkəyə daxil olduğunuz tarixdən etibarən 30 gün ərzində mobil cihazınızı qeydiyyatdan keçirməlisiniz. Azərbaycanda IMEI kodları üzrə qeydiyyat sisteminin tətbiq edilməsinin səbəbi mobil telefonların qeyri-qanuni idxalı, mobil telefonların klonlanması, mobil telefon oğurluğu və saxta IMEI kodları kimi halların qarşısını almaqdır.
- Şəxsi istifadə üçün ölkəyə gətirilən yeni mobil cihazlar həm onlayn qaydada, həm də yerli poçt şöbələrində qeydiyyatdan keçirilə bilər.
- Gömrükdə bəyan edilməyən mobil cihazların sonradan qeydiyyatı mümkün deyil.
- Gömrükdə bəyan edilmiş mobil cihazların qeydiyyatı SIMA vasitəsilə rəsmi veb-sayt üzərindən (https://my.gov.az/en/services/registration-of-mobile-devices?serviceLabel=ROMD) və ya poçt şöbələrində əyani surətdə həyata keçirilə bilər.
- Qeydiyyat üçün mobil cihazın IMEI nömrələri, şəxsiyyət vəsiqəsi barədə məlumatlar və əlaqə üçün telefon nömrəsi təqdim edilir, ödəniş həyata keçirildikdən sonra qeydiyyat prosesi tamamlanır.
Müraciətiniz təsdiqləndikdən sonra mobil cihazınızın uğurla qeydiyyatdan keçirildiyini təsdiqləyən bildiriş alacaqsınız.
QEYD: Onlayn qeydiyyat zamanı xarici bank kartları ilə ödənişlərə tətbiq olunan məhdudiyyətlərlə əlaqədar olaraq, xarici vətəndaşlar qeydiyyat üçün poçt şöbələrinə yaxınlaşmalıdırlar.
Azərbaycanda mobil SİM kart almaq və kontur yükləmək üçün hara müraciət edə bilərəm?
Beynəlxalq hava limanında mobil SİM kart əldə edə bilərsiniz. İştirakçılar mobil telefon operatorları tərəfindən təklif olunan danışıq və internet paketlərinə abunə ola bilərlər. Xidmət paketinə abunə olmaq üçün ilkin sənəd kimi etibarlı pasport tələb olunur. Xidmətə görə ödəniş məbləği mobil operator və seçilən tarif paketindən asılı olaraq dəyişir.
Mobil telefonumu 30 gün ərzində qeydiyyatdan keçirmədiyim təqdirdə nə baş verəcək?
Telefonunuzu qeydiyyatdan keçirmək üçün onu hava limanında bəyan etməlisiniz. Ölkəyə giriş zamanı telefonunuzu bəyan etmədiyiniz təqdirdə, qeydiyyat vaxtı əlavə cərimələr tətbiq oluna bilər. Qeydiyyat prosesi ölkəyə giriş tarixindən etibarən 30 gün ərzində tamamlanmalıdır. Bu müddət ərzində qeydiyyatdan keçirilməyən cihazlar deaktiv olunacaq. Bu qayda yerli SİM kartdan istifadə edən həm yerli, həm də xarici vətəndaşlara şamil olunur. 30 günlük qeydiyyat müddəti ardıcıl şəkildə toplanır və ölkədən çıxıb yenidən ölkə ərazisinə daxil olmaqla sıfırlanmır.
IMEI kodunun qeydiyyatı və digər rüsumlar üçün nə qədər ödəniş etməliyəm?
Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununa əsasən, mobil cihazların qeydiyyatı üçün rüsum məbləği cihazın marka-modelindən və beynəlxalq bazar qiymətindən asılı olaraq dəyişir. Mobil cihazın IMEI qeydiyyatı üçün ödəniş məbləği 15-100 AZN aralığında müəyyən edilir.
Şəxsi istifadə məqsədilə ölkəyə gətirilən hər bir mobil cihazın qeydiyyatı üçün telefonun IMEI kodu, marka adı, modeli, şəxsiyyət vəsiqəsinin surəti, eləcə də cihazın yoxlama üçün təqdim edilməsi tələb olunur.
Telefonun bazar dəyəri 800 ABŞ dollarından çox olarsa, 800 ABŞ dollarından yuxarı olan məbləğə 36% gömrük rüsumu tətbiq edilir.
Bu qaydalar Azərbaycanda rouminq xidmətindən istifadə edən abunəçilərə şamil olunur?
Xarici vətəndaş Azərbaycanda xarici mobil operator tərəfindən verilmiş SİM kart vasitəsilə beynəlxalq rouminq xidmətlərindən istifadə edərsə, mobil cihazın IMEI kodunun Azərbaycanda qeydiyyatdan keçirilməsi tələb olunmur.
Media
WUF13-də media akkreditasiya, media xidmətləri və multimedia ilə bağlı məlumatları haradan əldə edə bilərəm?
Bu mövzu ilə bağlı bütün media məlumatlarını vebsaytın Media bölməsində tapa bilərsiniz.