MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ

Urban Sərgisi

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) sərgi platforması kimi fəaliyyətə başlamış “Urban Expo” həm dayanıqlı, həm də iqlimədavamlı, o cümlədən inklüziv mənzil təminatı və şəhərsalma üzrə innovativ həll variantlarını və ideyaları nümayiş etdirmək üçün dünyanın müxtəlif ölkə və şəhərlərini, eləcə də şirkət və təşkilatları bir araya gətirir.



 

Diqqətəlayiq tədbirlər

 

Mənzil təminatı, nəqliyyat, enerji təchizatı, tullantıların idarə olunması və iqlim dəyişmələri kimi şəhərsalma problemlərinə dair praktiki həll variantları ilə tanış olmaq üçün WUF13-ün “Urban Expo” sərgisini ziyarət edin. Sərgidə 82 ölkəni təmsil edən 260-dan çox pavilyon iştirak edir.

“Urban Expo” sərgisinin planı ilə burada tanış ola bilərsiniz.

UN-Habitat Pavilyonu – Zona 2, B03

Yaşadığımız dünyada mənzil təminatı ilə bağlı mövcud olan müxtəlif təcrübələri kəşf etmək və “Hər kəs üçün yaşayış yerləri” mövzusunun mahiyyətini başa düşmək üçün Oyun meydançası, Təcrübə Mərkəzi və UN-Habitat Arenası kimi bir-birindən maraqlı məkanları ziyarət edin.

UN-Habitat Arenası rəsmi tədbirlərə ev sahibliyi edəcək, urbanistik Oyun meydançasında isə müxtəlif interaktiv fəaliyyətlər təşkil olunacaqdır.

Biznes və İnnovasiyalar Mərkəzi – Zona 4, D26

Biznes və İnnovasiyalar Mərkəzi mənzil təminatı və şəhərsalma üzrə dəyər zənciri boyu planlaşdırma və layihələndirmə proseslərindən başlayaraq tikinti, rəqəmsal inteqrasiya, enerji sistemləri və xidmətlərə kimi miqyaslanan və təcrübədə özünü doğrultmuş həll variantları nümayiş etdirilir.

Bundan əlavə, Biznes və İnnovasiyalar Mərkəzində xüsusi Startap Pavilyonu da fəaliyyət göstərəcək və burada “Şəhər Dəyər Zənciri Fəaliyyətdə” (“Urban Value Chain in Action”) mövzusu altında interaktiv müzakirələr təşkil olunacaqdır. 

Şəhər kitabxanası - Zona 4, D01

Şəhərsalma və mənzil təminatı üzrə ən son məlumat və elmi araşdırmalarla “Şəhər kitabxanası” adlı məkanda tanış ola bilərsiniz. Bu kitabxanada həmçinin “2026-cl il üçün dünya şəhərlərinin vəziyyətinə dair hesabat” (“World Cities Report 2026”) nəşrinin təqdim olunduğu xüsusi sərgi guşəsi də fəaliyyət göstərəcək.

Şəhər kinoteatrı – Zona 3, C05

Şəhər kinoteatrında şəhərsalma və mənzil problemlərini, eləcə də urbanizasiyanın mədəni aspektlərini əks etdirən və müxtəlif dünya ölkələrinin istehsalı olan qısametrajlı filmlər nümayiş etdiriləcək. 

 

Azərbaycan Pavilyonu

Azərbaycan Pavilyonu dünya şöhrətli memar Zaha Hadidin layihələndirdiyi Heydər Əliyev Mərkəzinin futuristik üslubundan ilham alaraq ziyarətçilərə Azərbaycanın müasir şəhərsalma konsepsiyalarını və memarlıq identikliyini əks etdirən çoxşaxəli və canlı təcrübə təqdim edir.

Pavilyonun qalereyasında Azərbaycanın şəhərsalma layihələri, ekoloji təşəbbüsləri, dayanıqlı inkişaf prioritetləri və mədəni irs nümunələri nümayiş etdirilir. Həmçinin, sərgi vahid təqdimat konsepsiyası çərçivəsində ölkənin şəhərsalma strategiyalarını və ekoloji transformasiya istiqamətində həyata keçirilən fəaliyyətləri, eləcə də tarixi-mədəni irsin qorunması üzrə yanaşmaları ön plana çıxarır.

Pavilyonun mərkəzi elementi Azərbaycanın milli identikliyini, eləcə də ölkənin şəhərsalma perspektivini və transformasiya proseslərini simvolizə edən alov rəmzli qüllədir.

Qüllə ətrafında formalaşan məkan konsepsiyası Bakı, Qarabağ və müasir şəhərsalma yanaşmalarını vahid ideya çərçivəsində bir araya gətirərək Azərbaycanın keçmişini, bu gününü və gələcəyə baxışını əks etdirir.

Pavilyonda iştirakçılar arasında şəbəkələşmə, qeyri-rəsmi danışıqlar və fikir mübadiləsi üçün xüsusi məkanlar, eləcə də konfranslar, təqdimatlar, rəsmi görüşlər və ikitərəfli müzakirələr üçün nəzərdə tutulmuş zonalar fəaliyyət göstərir.

Həmçinin, burada ziyarətçiləri kino guşəsi, turizm zonası, interaktiv virtual reallıq təcrübəsi, müxtəlif mövzular üzrə ustad dərsləri (master-klasslar) və həm Azərbaycan mədəniyyətinə, həm də ölkənin milli mətbəxinə həsr olunmuş xüsusi məkan gözləyir.