MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ

Memarlıq

Bakı memarlığı

Bakı memarlığı

Bakının ilk memarlıq abidələri məbədlər və atəşgədələr olmuşdur. VI əsrdə inşa edilən Qız qalası şəhərin əsas rəmzinə çevrilmiş, Bakı qala divarları ilə əhatə olunmuşdu. X–XI əsrlərdə tikinti işləri genişlənmiş və bu dövrün mühüm nümunəsi 1078-ci ildə tikilmiş Sınıq qala minarəsi olmuşdur. XIII əsrdə Şirvanşahların iqamətgahı olan Bayıl qəsrinin tikilməsi şəhərin inkişafında mühüm rol oynamışdır. XIV əsrdə Cümə məscidi və müdafiə bürcləri inşa edilmişdir. XVI əsrdə isə İçərişəhərdə memarlıq incisi sayılan Şirvanşahlar sarayı kompleksi yaradılmış, şəhər genişləndirilmiş, karvansaralar və yeni qala divarları tikilmişdir. 

Sonrakı əsrlərdə Bakı ticarət və inzibati mərkəz kimi böyümüş, XVIII əsrdə xanlıq paytaxtına çevrilmiş, XIX əsrdə isə qala divarlarından kənara doğru sürətlə genişlənmişdir. 

XIX əsrin sonlarında neft sənayesinin inkişafı Bakını Qafqazın ən sürətlə böyüyən şəhərlərindən birinə çevirdi. Yeni milyonerlərin maliyyələşdirdiyi dəbdəbəli malikanələr və ictimai binalar Bakıda yeni memarlıq mühiti formalaşdırdı. Qotik, barokko, neoklassisizm və modern üslublu tikililər şəhərə Avropa görkəmi qazandıraraq Bakının “Qafqazın Parisi” adlandırılmasına səbəb oldu. Bu dövrün möhtəşəm nümunələrinə Bakı Şəhər İcra Hakimiyyətinin binası, Azərbaycan Milli Tarix Muzeyi, Əlyazmalar İnstitutu və Səadət Sarayı daxildir. 

Şuşa Memarlığı

Şuşa Memarlığı

Keçmişdə Şuşanın 17 məhəlləsinin hər birinin öz məscidi var idi. İbrahimxəlil xanın qızı Gövhər ağanın sifarişi ilə Qarabağın bir sıra məşhur memarlıq abidələrinin müəllifi olan görkəmli memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilmiş Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidləri öz möhtəşəmliyi ilə digərlərindən seçilir. 

Şuşa şəhəri Qarabağın memarlıq incisi kimi özünəməxsus mövqeyə malikdir və bu nüfuz onun zəngin dekorativ irsini qorumaq məqsədilə diqqətlə bərpa edilmiş XIX əsrə aid Saatlı məscidində əks olunur.

Mədəni irs həvəskarları Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi və Bülbülün ev-muzeyi kimi yerli dahi şəxsiyyətləri tərənnüm edən məkanları ziyarət edə bilərlər. İbrahimxəlil xanın vəziri, böyük mütəfəkkir və Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Molla Pənah Vaqifin xatirəsinə 1982-ci ildə Cıdır düzündə, şairin məzarı üzərində ucaldılan bu möhtəşəm məqbərə 2021-ci ildə yenidən qurulmuşdur. Həmçinin, 1788-ci ildə inşa edilmiş Bülbülün ev-muzeyi də 2021-ci ildə aparılan bərpa işlərindən sonra yenidən açılmışdır. Hazırda muzeydə Bülbülə aid eksponatlar nümayiş etdirilir və muzeyin həyətində görkəmli müğənninin büstü ucaldılmışdır.

Şuşada yerləşən Mehmandarovların malikanə kompleksi digər bir diqqətəlayiq tarixi-memarlıq abidəsidir. XVIII əsrdə Mehmandarovlar ailəsinin üzvləri tərəfindən inşa edilmiş bu maraqlı tikililər böyük və kiçik yaşayış evlərindən, eləcə də ailə məscidi və bulaqdan ibarətdir. 2021-2023-cü illərdə aparılmış bərpa işləri zamanı binanı ilkin görkəminə qaytarmaq üçün müasir interyer elementləri ənənəvi milli motivlərlə ahəngdar şəkildə uzlaşdırılmışdır.

Şəki memarlığı

Şəki memarlığı

Şəki Azərbaycanın ən mənzərəli şəhərlərindən biri, sənətkarlıq, ticarət və memalıq şəhəri hesab olunur, daş döşənmiş əyri küçələri, tarixi plan quruluşu və özünəməxsus memarlıq tərzi ilə seçilir. Şəki şəhərinin tarixi hissəsi ənənəvi orta əsr Azərbaycan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayır və təbii landşaftla tarixi tikililərin vəhdəti əsrlər boyu formalaşmış bənzərsiz şəhər panoramasını yaradır. Bu xüsusiyyətlərinə görə Şəkinin tarixi hissəsi 1967-ci ildə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu elan edilmişdir. 

Şəkinin tarixi hissəsinin memarlıq ənənəsi XVIII–XIX əsrlərdə formalaşaraq yerli iqlim şəraiti, relyef xüsusiyyətləri və sosial-mədəni həyat tərzinin təsiri altında inkişaf etmişdir. Bu dövrdə Şəki böyük ticarət və ipəkçilik mərkəzi olduğundan, bu fəalliyyətlər tikililərin xüsusiyyətlərində və yerləşməsində öz əksini tapır. Burada karvansaraylara, tağlı körpülərə, iri məscid və mədrəsələrə, tarixi bulaqlara, dəyirmanlara, tarixi hamamlara, zəngin tacirlərə məxsus olmuş malikanələrə rast gəlmək olur. Tikintidə yerli çay daşı, kərpic və ağac materialdan istifadə şəhərə təkrarolunmaz bir tərz bəxş edir. 

Şəkinin əsas memarlıq abidələri sırasında xüsusən Xan sarayı özünün ümumbəşəri dəyərləri ilə seçilir. XVIII əsrdə Xanlıqlar dövründə tikilmiş bu nadir abidə şəhərin yuxarı hissəsində yerləşən qala kompleksinin daxilində, qədim çinar ağaclarının əhatəsində yerləşir. Sarayın ən diqqətəlayiq xüsusiyyətlərindən biri dekorativ-tətbiqi sənətin nadir nümunəsi olan şəbəkə pəncərələridir. Minlərlə taxta və rəngli Murano şüşə hissəciklərindən ibarət bu konstruksiyalar mismar və yapışqan istifadə edilmədən yığılır və interyerə unikal işıq-kölgə effekti verir. Binanın daxili divarlarını çoxsaylı rəsmlər, güzgü və taxtadan hazırlanmış dekorativ elementlər bəzəyir. 

Şəki Şərq və Qərbi birləşdirən qədim ticarət marşrutları üzərində mühüm dayanacaq olmuş, xüsusilə XIX əsrdə regionun ipək istehsalı mərkəzlərindən biri kimi tanınmışdır. Çoxsaylı karvanlar və tacirlər Şəkidən keçdiyi üçün şəhərdə bir neçə karvansaray fəaliyyət göstərmişdir. Bu gün onların yalnız ikisi – Yuxarı Karvansaray və Aşağı Karvansaray qorunub saxlanılmışdır. XVIII əsrdə inşa edilən bu tikililər həm memarlıq, həm də funksional baxımdan Şəkinin ticarət tarixini əks etdirir. Şəkidə bu gün də ipəkçilik ənənələri, eyni zamanda bir sıra digər sənətkarlıq sahələrini qorunub saxlamışdır. 

Bütün bu xüsusiyyətlər nəzərə alınaraq, Şəkinin tarixi hissəsi 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.