Bakının Suraxanı qəsəbəsində yerləşən Atəşgah alov məbədi Azərbaycanda tarixən ən məhşur görməli yerlərdən biri olmuşdur. Abidənin yerləşdiyi Abşeron yarımadası yeraltı qaz və neft yataqları ilə zəngin bir ərazidir və daha əvvəllər bu yataqlar səthə çox yaxın olduqları və təbii olaraq alovlandıqları üçün bu əraziyə Odlar diyarı adı verilmişdi. 17-18-ci əsrlərdə belə bir yerdə inşa edilən Atəşgah məbədi Uzaq və Yaxın şərqdən oda sitayiş edən zəvvarları cəlb etmiş, onlar buradakı hücrələrdə yaşayıb öz dini inanclarına uyğun rituallar həyata keçirmişdilər. Bu gün Atəşgahda hələ də 21 kitabə vardır ki, bunlar əsasən Sanskrit yazısı olan Devanaqari, eyni zamanda Sikhlərin dili olan Qurmuxi və fars dillərindədir. Bu da Atəşgahın müxtəlif dini və etnik qruplardan olan insanların ümumi sitayiş yeri olmasını deməyə əsas verir.
Atəşgah məbədi və yerdən çıxan təbii alovlar nəinki zəvvarların, eyni zamanda Avropa və Yaxın şərqdən gələn bir sıra tacir, alim, yazıçı, diplomat və səyyahların marağına səbəb olmuş, Atəşgah onlarla rəsmlərdə, yazılarda və xatirələrdə ətraflı təsvir olunmuşdur. Bunlara 17-ci əsrin sonlarında səfər edən alman səyyah Engelbert Kempfer, 18-ci əsrdə görkəmli ingilis ictimai xadimi, səyyah və publisist Conas Hanvey, müxtəlif dövrlərdə Vilot və Lerx kimi digər səyyahlar nümunə ola bilər.
Atəşgah yalnız dini məkan deyil, eyni zamanda tarixi İpək yolu üzərində yerləşən mühüm dayanacaq kimi ticarət və mədəni mübadilə funksiyası da daşımışdır. Cənubi Asiyadan gələn tacirlər bu yerdən geniş şəkildə istifadə etmiş, məbədin abad şəkildə saxlanmasına xüsusi diqqət yetirmişlər.
Memarlıq xüsusiyyətlərinə görə Atəşgah yerli Abşeron memarlığının bir sıra xüsusiyyətlərini özündə cəmləndirir. Pentaqon formasında düzülən 24 hücrədən ibarət olan məbədin giriş portalının üzərində yerləşən Balaxana adlı qonaq otaq var. Məbədin daxili həyətənin mərkəzində Cahartağ adlanan əsas alov altarı yerləşir ki, bu da yerli Abşeron və Zərdüşt memarlıq üslublarına uyğun şəkildə tikilmişdir. Bundan başqa daxili həyətdə krematorium, müxtəlif digər alov altarları, quyular, qaz xətləri və s. qalmaqdadır.
Bu gün Atəşgahı ziyarət edən hər kəs Azərbaycanın niyə “Odlar Yurdu” adlandırıldığını və ölkəmizin təbii alovları ilə tanınmasının əsl səbəblərini öyrənir. Azərbayan mədəni irsində oynadığı rol nəzərə alınaraq bu məbədin ərazisi 2007-ci ildə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdir.