MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ

Media Turlar

WUF13 tədbiri çərçivəsində xarici media nümayəndələri Azərbaycanda UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş obyektlərlə yanaşı, tarixi şəhər irsinin müasir və yüksək texnologiyalı inkişafa inteqrasiyasını əks etdirən real nümunələrlə, eləcə də dayanıqlı şəhərsalmaya praktiki nümunə olan tikililərlə yaxından tanış olmaq üçün unikal imkan əldə edəcəklər.

20-21 may 2026-cı il tarixlərində təşkil olunacaq bu turlar ölkənin dayanıqlı şəhərsalma sahəsində əldə etdiyi nailiyyətləri, eləcə də dünya mədəniyyətinin formalaşmasında əhəmiyyətli rol oynamış mühüm mədəni və müasir məkanları bütün gözəlliyi ilə nümayiş etdirəcək.

  • Böyük Şəhər Turu 20 may 2026-cı il

Bu tur çərçivəsində siz UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhəri kəşf edəcəksiniz. XII əsrə aid qala divarları ilə əhatə olunmuş qədim İçərişəhərdə siz Şərqin zəngin memarlıq irsinə şahid olacaqsınız və tarixi ab-havanı hiss edəcəksiniz. Siz həmçinin görkəmli memar Zaha Hadid tərəfindən dizayn edilmiş dünya səviyyəli sərgi və muzey kompleksi olan Heydər Əliyev Mərkəzini də ziyarət edəcəksiniz. Daha sonra mediatur Bakının məşhur Ağ Şəhərində davam edəcək. Sürətlə inkişaf edən bu müasir şəhər ərazisi qabaqcıl şəhərsalma həlləri, zərif memarlıq nümunələri və keçmiş sənaye zonası olan “Qara Şəhər”dən müasir və çiçəklənən mərkəzə çevrilmənin diqqətəlayiq transformasiyasını simvolizə edir.

  • Şamaxı Turu – 21 may 2026-cı il

Bu tur çərçivəsində siz Qafqazın ən qədim və məşhur məscidlərindən biri olan və həm zəngin tarixi, həm də zərif memarlıq üslubu ilə seçilən Cümə məscidini ziyarət edəcəksiniz. Daha sonra səfərimiz əsrlərə söykənən dəmirçilik ənənələri və özünəməxsus kənd mühiti ilə seçilən füsunkar Dəmirçilər kəndinə olacaq. Həmçinin, sizi Azərbaycan milli mətbəxinə aid təamlar təqdim edən Abqora restoranında ənənəvi nahar təcrübəsi gözləyir. Turun son dayanacağı isə Meysəri Şərab Zavodudur. Siz bu maraqlı şərabçılıq kompleksində Azərbaycanın üzümçülük ənənələri ilə tanış ola və yerli şərabların dadına baxa biləcəksiniz.

Daha ətraflı məlumat üçün turların proqramına keçid edə bilərsiniz.

Media turlarda iştirak üçün müraciət prosesi: Bu turlarda iştirak etmək istəyən xarici jurnalistlər müraciətlərini təqdim olunan link vasitəsilə 14 may saat 23:59-dək (GMT+4) göndərməlidirlər. Müraciətdə ad və soyad, turun adı və tarixi, eləcə də əlaqə nömrəsi qeyd olunmalı və pasportun skan olunmuş nüsxəsi əlavə edilməlidir. Nəzərə alın ki, iştirak “ilk müraciət edənə üstünlük” prinsipi əsasında təmin ediləcək.

Mühüm qeyd: Turlarda yalnız akkreditasiyadan keçmiş xarici media nümayəndələri iştirak edə bilərlər.

Bu proses ilə bağlı daha ətraflı məlumat üçün media@wuf13.az e-poçt ünvanına yaza bilərsiniz.