Əməliyyat Şirkəti
WUF13 Azərbaycan Əməliyyat Şirkəti 17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) yüksək səviyyədə təşkili məqsədilə 30 iyun 2025-ci il tarixində fəaliyyətə başlamışdır. Əməliyyat Şirkətinə icraçı direktor Adil Məmmədov rəhbərlik edir. Şirkət tədbirin planlaşdırılması və icrası üzrə mərkəzi əməliyyat strukturu kimi çıxış edir və hazırlıq proseslərinin idarə olunması, məkan və infrastruktur planlaşdırılması, insan resursları, təhlükəsizlik, dayanıqlı inkişaf, könüllülük proqramı, nəqliyyat, akkreditasiya, eləcə də tərəfdaşlarla koordinasiya istiqamətləri üzrə fəaliyyət göstərir.
.jpeg)
WUF13 tədbirinin səmərəli təşkili üçün peşəkar və inklüziv komanda formalaşdırılmışdır. Kadrların seçimində peşəkarlıqla yanaşı, gender bərabərliyi prinsipi əsas götürülmüşdür və heyətin tərkibində qadın və kişi əməkdaşların balanslı təmsilçiliyi təmin olunmuşdur. Komandanın mühüm hissəsini iri miqyaslı beynəlxalq tədbirlərdə təcrübə qazanmış yerli mütəxəssislər təşkil edir.
Şirkət inklüzivlik və müyəssərlik prinsiplərini WUF13 tədbirinin təşkilində tətbiq olunan yanaşmanın ayrılmaz elementi kimi qəbul edir. BMT-nin müvafiq tələblərinə uyğun olaraq tədbir məkanında əlilliyi olan şəxslər üçün lazımi şəraitin yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Bu çərçivədə fiziki mühitin uyğunlaşdırılması, xüsusi xidmətlərin təşkili və yardım mexanizmlərinin qurulması nəzərdə tutulur. Eyni zamanda, şəhərdə otellər, restoranlar, muzeylər, ticarət mərkəzləri və turizm məkanları geniş miqyaslı müyəssərlik monitorinqləri aparılaraq nəticələr əsasında müvafiq tövsiyələr verilir.
WUF13 Azərbaycan Əməliyyat Şirkəti sessiyanın planlaşdırılması və icrasında dayanıqlı inkişaf prinsiplərinə xüsusi önəm verir. Tədbirin bütün mərhələləri ISO 20121 standartının tələblərinə uyğun şəkildə həyata keçirilir, eyni zamanda bu beynəlxalq standartın ölkəmizdə ilk dəfə tətbiqi və dövlət standartları sisteminə inteqrasiyası prosesi icra olunur. Dayanıqlılıq yanaşması çərçivəsində tədbirin karbon izinin minimuma endirilməsi, yaşıl enerji mənbələrindən istifadənin təmin edilməsi, ekoloji və təkrar emal olunan materiallardan istifadə, eləcə də tullantıların effektiv idarə olunması istiqamətində tədbirlər həyata keçirilir.
Bu yanaşma WUF13-ün yalnız qlobal urbanizasiya gündəliyi üçün mühüm platforma olmaqla kifayətlənmədiyini, eyni zamanda məsuliyyətli, inklüziv və dayanıqlı tədbir modeli formalaşdırmaq niyyətini əks etdirir.
