MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ
WUF13

Azıx mağarası: Qədim insan sığınacağı

05 fevral 2026

 Quruçayın sol sahilində, dəniz səviyyəsindən 950 m, çayın müasir yatağından 200–250 m yüksəklikdə yerləşən, iki girişdən və beş zaldan ibarət olan mağara (ümumi sahəsi 1250 m2, uzunluğu 250 m, hündürlüyü 20 m) karst mənşəlidir.

Azıx mağarasının cənub girişi yolunda və birinci salonunda 1960–1982-ci illərdə aparılmış arxeoloji qazıntı zamanı on arxeoloji təbəqə qeydə alınmışdır: I təbəqədə Eneolit dövrünə, III təbəqədə erkən Mustye dövrünə, V təbəqədə orta və son Aşel mədəniyyətinə, VI təbəqədə qədim Aşel mədəniyyətinə aid zəngin maddi mədəniyyət nümunələri əldə olunmuşdur. II və IV təbəqələr sterildir. VII–X təbəqələrin istər işlənmiş, istərsədə işlənməmiş daşları rəng, tərkib və səth örtüyünün vəziyyətinə görə onlardan yuxarıdakı təbəqələrdən (erkən Aşel dövrünə VI təbəqə) və “klassik” Oldovandan lokal fərqlənirnə görə başqa arxeoloji mədəniyyətə aid olması fikri irəli sürəlmüş və “Quruçay arxeoloji mədəniyyəti” adlandırılmışdır.

Tədqiqatlar nəticəsində Azıx mağarasında üç fərqli arxeoloji mədəniyyətə məxsus 6232 daş məmulatı aşkar olunmuşdur. Onların 199 ədədi “Qruçay mədəniyyəti” nə aid olunan VII – X təbəqələrdən əldən olunmuşdur. Bu təbəqədən heç bir paleoantropoloji qalıq aşkar olunmasa da, anoloji dövrə dair nümunələrin erkən homo növləri (Homo erectus) tərərəfindən düzəldilmişdir. M.M.Hüseynov Azıxda məskunlaşmanın ilk mərhələsini 1,2 milyon il əvvələ, alt layın 4 təbəqəsini isə 700-1,2 milyon il əvvələ aid etmişdir. 

VI təbəqədən 2 min, V təbəqədən 289 nümunə aşkar olunmuşdur. 1968-ci il Azıx mağarasının orta Aşel mədəniyyətinə aid təbəqəsində homo qalığı–alt çənə sümüyünün sağ hissəsi aşkar edilmişdir. Əldə olunmuş nümunə Azərbaycan ərazisində aşkar olunmuş homo cinsinə aid ən qədim nümunədir. Paleoantropoloji qalıq Homo heidelbergensis növünə aid edilən 18–20 yaşlarında qadına məxsusdur və geoloji cəhətdən mindel–riss dövrünə, arxeoloji cəhətdən orta Aşel mədəniyyətinin sonuna (350-400 min il) aiddir. Azıx adamının paleoantropoloji cəhətdən öyrənilməsi, Kiçik Qafqazın şərq hissəsinin orta Aşel dövründə Homo heidelbergensisin neandertallara doğru inkişaf etmiş son qrupuna yaxın qədim insanların məskəni olduğunu göstərir və Cənubi Qafqaz ərazilərində Aşel dövrü adamlarının fiziki quruluşunun elmi tədqiqində mühüm əhəmiyyət kəsb edir. Beləliklə, Azıx adamı Homo heidelberq qrupunun Şərqi Avropada ən son nümayəndələrindən biri hesab oluna bilər. 

Qafqazda təxminən 120 min il bundan əvvəl son Aşel mədəniyyəti Mustye mədəniyyəti ilə əvəz olunmuşdur. Azıx mağarasının Mustiye mədəniyyətinə aid olunan III təbəqən 3744 nümunə aşkar olunmuşdur. 

Beləliklə, aparılmış tədqiqatlar, Azıx mağarasında Homo cinsinin üç fərqli növünün yaşadığını göstərdi. Bu xüsusiyyətinə görə Azıx mağarası unikal hesab olunur. 

05 fevral 2026