WUF13 Könüllülük Proqramı çərçivəsində müsahibə mərhələsindən uğurla keçmiş namizədlər üçün təlimlərə start verilir
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində həyata keçirilən Könüllülük Proqramı üzrə müsahibə mərhələsini uğurla tamamlamış namizədlər üçün 16 fevral–13 mart tarixləri ərzində Ümumi təlimlərin keçirilməsi planlaşdırılır.
Təlimlər üç əsas istiqamət üzrə keçiriləcək: tədbir barədə ümumi məlumatlandırma, vəzifə bölgüsü və məkan üzrə hazırlıq. Bu mərhələ könüllülərin tədbir müddətində öhdəliklərini səmərəli və peşəkar şəkildə icra etmələrinə imkan yaradacaq. Təlim proqramını uğurla tamamlayan 2 500 könüllü forumun müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərəcək.
WUF13 Könüllülük Proqramı çərçivəsində təşkil olunan təlim proqramı könüllülərin tədbir öncəsi hərtərəfli və peşəkar hazırlığını təmin etməyə yönəlib.
WUF13 Könüllülük Proqramında iştirak üçün müraciət etmiş 16 min namizəd arasından ilkin seçim mərhələsini uğurla tamamlayan 10 500-dən artıq namizəd müsahibəyə dəvət edilmiş, onlardan 5 000-dən çoxu isə müsahibə mərhələsini müvəffəqiyyətlə yekunlaşdırmışdır.
WUF13 Könüllülük Proqramına müraciət edənlər arasında 1 500-dən çox xarici vətəndaş yer almışdır.
Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası bu il 17-22 may tarixlərində Bakı Olimpiya Stadionunda keçiriləcək.