Qızılgül
Qızılgül Azərbaycan mədəniyyətində estetik, tibbi və qastronomik baxımdan mühüm yer tutan bitkilərdən biridir. Əsrlər boyu ölkənin müxtəlif bölgələrində becərilən qızılgül həm gözəllik və zəriflik rəmzi kimi qəbul edilmiş, həm də gündəlik həyatın müxtəlif sahələrində - qastronomiyada, təbabətdə, mərasim ənənələrində və digər istiqamətlərdə geniş tətbiq olunmuşdur.
Azərbaycan qastronomiyasında qızılgül xüsusi aromatik komponent kimi istifadə edilir, ənənəvi müalicə üsullarında isə müxtəlif dəmləmələr və məhlullar - mürəbbə, gül suyu (gülab) və digər formalarda tətbiq olunur. Bağlarda, həyətlərdə, ictimai məkanlarda və saray komplekslərində əkilən qızılgüllər landşaftın estetik dəyərini artırmış, şəhərsalma və bağçılıq mədəniyyətinin formalaşmasına mühüm təsir göstərmişdir.
Zaqatalanın Aşağı Tala kəndində yerləşən “Lecheq Farm & Distillery” təsərrüfatının qızılgül plantasiyalarında gəzintiyə çıxan hər kəs özünü sanki əsl cənnətdə hiss edir. 2016-cı ildən fəaliyyət göstərən bu təsərrüfatda Dəməşq qızılgülü, dar yarpaqlı lavanda və nanə kimi bitkilər yetişdirilir.