WUF13-ün üçüncü günü çərçivəsində 160-dan çox tədbir keçirilib
Mayın 19-da Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində şəhərsalma, iqlimədavamlı urbanizasiya və dayanıqlı inkişaf mövzularına həsr olunan müzakirələr davam edib.
WUF13 tədbirinin üçüncü günü ərzində 160-dan çox müxtəlif dialoqlar, xüsusi sessiyalar və qrup iclasları təşkil olunub.
Azərbaycanın təşəbbüsü ilə Ümumdünya Şəhərsalma Forumu (WUF) tarixində ilk dəfə “QHT Forumu: Qlobal tərəfdaşlıqlar və qərarvermə” mövzusunda tədbir keçirilib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə baş tutan forumda BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, beynəlxalq təşkilatların nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər. Tədbirdə vətəndaş cəmiyyətinin inklüziv şəhər planlaşdırılması, dayanıqlı urbanizasiya, qlobal mənzil çağırışları, çoxtərəfli əməkdaşlıq və qərarvermə proseslərində rolu müzakirə olunub.
Hikmət Hacıyev QHT Forumu çərçivəsində çıxışı zamanı sürətli urbanizasiya, əhali artımı və iqlim dəyişikliklərinin şəhərlərlə bağlı əsas qlobal çağırışlar sırasında olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan da iqlim dəyişikliklərinin təsirlərini hiss edir və bu istiqamətdə beynəlxalq əməkdaşlıq və çoxtərəfli platformaların rolu xüsusi əhəmiyyət daşıyır.
Forum çərçivəsində “Qlobal mərkəz koalisiyalarında mənzil” adlı panel sessiyası keçirilib. Sessiyada Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştirak edib. Hikmət Hacıyev çıxışı zamanı bildirib ki, işğal nəticəsində Azərbaycanda doqquz şəhər demək olar tamamilə dağıdılıb, 300-dən çox yaşayış məntəqəsi və kənd ciddi ziyan görüb. O qeyd edib ki, mina çirklənməsinin yaratdığı ciddi çətinliklərə baxmayaraq, Qarabağ hazırda müasir şəhərsalma yanaşmaları əsasında yenidən qurulur. Prezidentin köməkçisi həmçinin vurğulayıb ki, təxminən 1,5 milyon mina və digər partlayıcı qurğuların mövcudluğu böyük təhlükəsizlik riskləri yaradır və bu səbəbdən genişmiqyaslı minatəmizləmə işləri postmünaqişə dövründə bərpa, yenidənqurma və təhlükəsiz yaşayış şəraitinin yaradılması üçün mühüm əhəmiyyət daşıyır.
Forum çərçivəsində Azərbaycan WUF 13 çərçivəsində dayanıqlı bərpa və regional bağlantının yeni modelini təqdim edib. “Bağlantının mərkəzində şəhərlər: Şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda Azərbaycan Hökumətinin təşkilatçılığı ilə xüsusi sessiya keçirilib. Tətbirdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyeveləcə də Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev çıxış ediblər.
Sessiyada Azərbaycan Hökumətinin nümayəndələri işğaldan azad edilmiş ərazilərin bərpası, müasir infrastrukturun inkişafı, yaşıl enerji və regional bağlantı istiqamətində ölkənin yanaşmalarını beynəlxalq ictimaiyyətə təqdim ediblər. Azərbaycan nəqliyyat dəhlizləri, rəqəmsal infrastruktur və dayanıqlı şəhərsalmanın inteqrasiyası əsasında uzunmüddətli dayanıqlılığa, iqtisadi transformasiyaya və gələcəyin şəhərlərinə yönəlmiş yeni regional inkişaf modelini nümayiş etdirib.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycan Pavilyonu 19 may 2026-cı il tarixində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının “D-8 regionunda dayanıqlı şəhərlərin enerji təchizatı: Enerji keçidlərinin şəhərsalma gündəlikləri ilə uyğunlaşdırılması” mövzusuna həsr olunmuş yüksək səviyyəli enerji və şəhərsalma dialoquna ev sahibliyi edib. D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan bütün səkkiz ölkədən nazirlər, nazir müavinləri, yüksək səviyyəli dövlət rəsmiləri, şəhər merləri, beynəlxalq ekspertlər və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Afrika, Asiya və Latın Amerikası ölkələrində (Qlobal Cənub) urbanizasiya, iqlim dəyişikliyi, enerji təchizatı və dayanıqlı inkişaf sahələrində mövcud çağırışlara koordinasiyalı cavab tədbirlərinin təşviqi baxımından təşkilatın platforma kimi artan rolu bir daha nümayiş etdirilib. Vurğulanıb ki, Azərbaycan D-8 təşkilatına üzv olduqdan sonra D-8 platforması çərçivəsində praktiki əməkdaşlığın inkişafına xidmət edən bir sıra təşəbbüslər irəli sürüb. Bu təşəbbüslər çərçivəsində Bakıda D-8 Enerji və İqlim Mərkəzinin, D-8 Nəqliyyat Mükəmməllik Mərkəzinin və D-8 Media Mükəmməllik Mərkəzinin təsis olunması təklif edilib.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Sohail Mahmud, Pakistan İslam Respublikasının iqlim dəyişikliyi və ətraf mühitin koordinasiyası üzrə federal naziri Musadik Masud Malik, eləcə də “PETRONAS” şirkətinin əmlak məsələləri üzrə müşaviri və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) sabiq icraçı direktoru Maymuna Mohd Şarif açılış nitqi ilə çıxış ediblər.
Eyni zamanda, “Yetərli Mənzil Təminatı və Dayanıqlı İcmalar üçün Vahid BMT: Mənzil və Şəhər Həlləri vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılması” adlı tədbirdə Yeni Şəhər Gündəliyinin mənzil və şəhər həlləri vasitəsilə BMT mandatı və Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verən BMT sistemi üzrə fəaliyyətlərlə əlaqələndirilməsi məsələləri diqqət mərkəzində olub. Tədbirdə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxış edib. O qeyd edib ki, mənzil böhranının həlli heç bir dövlətin, qurumun və ya aktorun təkbaşına həll edə biləcəyi məsələ deyil. O, həmçinin BMT sisteminin üzv dövlətlər və digər maraqlı tərəflər arasında səylərin əlaqələndirilməsində, eləcə də dayanıqlı mənzil təminatı, davamlı icmaların inkişafı və Dayanıqlı İnkişaf Məqsədlərinin irəlilədilməsində mühüm rol oynadığını vurğulayıb.
Mayın 19-da həmçinin “Həssas və münaqişədən zərər çəkmiş ərazilərdə şəhər həlləri vasitəsilə sülhə töhfə verən iqlim fəaliyyəti” mövzusunda sessiya keçirilib. Tədbirə ünvanladığı mesajda Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) baş direktoru Emi Pop inklüziv və iqlimədavamlı şəhər həllərinin sülhün və sosial dayanıqlılığın gücləndirilməsində mühüm rol oynadığını bildirib. Sessiyada iqlim dəyişiklikləri, məcburi miqrasiya, erkən xəbərdarlıq sistemləri və həssas icmaların qərarvermə proseslərinə inteqrasiyası məsələləri diqqət mərkəzində olub.
WUF13-ün “Urban Expo” sərgisində fəaliyyət göstərən Azərbaycan pavilyonunda Türk Dövlətləri Təşkilatının (TDT) Yüksəksəviyyəli Şəhər Dialoqu keçirilib. Sessiyada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev, Qazaxıstanın sənaye və tikinti nazirinin müavini Raxımjan İsakulov, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin direktoru Erfan Ali və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev çıxış ediblər. Tədbirdə dayanıqlı şəhərsalma, regional əməkdaşlıq, iqlimədavamlı urbanizasiya və türk dünyasında şəhər inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər müzakirə olunub. Sessiya çərçivəsində üzv ölkələr arasında şəhər və ərazi planlaşdırılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalanıb.
Sözügedən dialoq zamanı həmçinin Azərbaycanın Şuşa və Türkiyənin Trabzon şəhərləri arasında qardaşlaşma haqqında memorandum da imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin başçısı Ahmet Metin Genç imzalayıblar.
Azərbaycan pavilyonunda həmçinin “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbir keçirilib. Sessiyada Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov və Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış ediblər. Tədbirdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, infrastruktur layihələri, əhalinin doğma yurdlarına qayıdışı və regionun inteqrasiya olunmuş inkişafı məsələləri müzakirə olunub.
Həmçinin, “Qlobal Mənzil Böhranı: Plan Nədir?” adlı dialoq təşkil edilib.
Tədbirdə iştirak etmiş liderlər və ekspertlər hamı üçün yetərli mənzil təminatının yaxşılaşdırılmasına yönəlmiş praktik yanaşma və həll yollarını müzakirə ediblər. Sessiya interaktiv şəkildə təşkil olunub və iştirakçılara öz fikirlərini ifadə etmək imkanı verilib. BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax qlobal mənzil böhranının həlli üçün beş əsas istiqaməti vurğulayıb. O bildirib ki, bu istiqamətlərə inteqrasiya olunmuş siyasətlərin hazırlanması, yalnız yeni mənzil tikintisi ilə məhdudlaşmayan yanaşmaların tətbiqi, torpaq idarəçiliyi və mülkiyyət hüquqlarının qorunmasının gücləndirilməsi, alternativ maliyyələşmə mexanizmlərinin inkişaf etdirilməsi, həmçinin iqlim və mənzil siyasətlərinin paralel şəkildə həyata keçirilməsi daxildir.
Eyni zamanda, “Mənzilin sosial və iqtisadi gücü: Mənzil hər kəs üçün bərabərlik təmin edərkən rifaha necə təkan verə bilər?” mövzusunda dialoq keçirilib. Tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev çıxış edib. Tədbirdə müharibədən sonrakı dövrdə yaşayış məntəqələrinin bərpası, sosial inklüzivlik, “ağıllı şəhər” və “ağıllı kənd” yanaşmaları, eləcə də mənzil təminatının iqtisadi inkişaf və rifahın artırılmasındakı rolu müzakirə olunub.
Forum çərçivəsində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax və Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin (Sustainable Development Solutions Network – SDSN) direktoru Cefri Saksın iştirakı ilə “Şəhərlərin Gələcəyi üzrə Tərəfdaşlığın Başlanğıcı” mövzusunda mətbuat konfransı keçirilib. Mətbuat konfransında inklüziv, dayanıqlı və rəqəmsal urbanizasiya yanaşmaları, şəhərlərin qlobal çağırışların həllində rolu, eləcə də Yeni Şəhərsalma Gündəliyi və dayanıqlı inkişaf məqsədlərinin icrası istiqamətində beynəlxalq əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.
Bundan əlavə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən “Dünya şəhərlərinin vəziyyətinə dair 2026-cı il hesabatı” açıqlanıb. Hesabatda qlobal mənzil böhranının çoxölçülü xarakter daşıdığı, demoqrafik dəyişikliklər, ekoloji təzyiqlər və dəyişən iqtisadi şərait fonunda daha da dərinləşdiyi vurğulanır.
Forumun üçüncü gününün proqramında müxtəlif regional və tematik qrup görüşləri də yer alıb. Qrup görüşləri çərçivəsində Ərəb ölkələri, Şərqi Avropa və Mərkəzi Asiya regionu, qadınlar, uşaq və gənclər, yerli xalqlar, eləcə də əlilliyi olan şəxslər üzrə qrup görüşlərində mənzil əlçatanlığı, demoqrafik dəyişikliklər, iqlim riskləri və infrastruktur çatışmazlıqları da daxil olmaqla müxtəlif qlobal çağırışlar üzrə fikir mübadilələri aparılıb.
WUF13 çərçivəsində həmçinin WUF Akademiyası, Şəhərlərin səsi, DİM-lərin tətbiqi, Şəhər kinoteatrı, Şəhər kitabxanası, BMT-nin Məskunlaşma Proqramının arenası, Təcrübə mərkəzi, Biznes və innovasiyalar mərkəzi nəzdində müxtəlif tədbirlər təşkil olunub.