Bakı şəhərində WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə mayın 13-də Bakı Dövlət Universitetində WUF13-ə həsr olunmuş maarifləndirmə sessiyası keçirilib. Tədbirdə universitetin müəllim heyəti, həmçinin Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin 400-ə yaxın tələbəsi iştirak edib.
Tədbirdə Bakı Dövlət Universitetinin prorektoru Əliş Ağamirzəyev universitetin tələbələrinin WUF13 tədbirində könüllü kimi iştirak edəcəyini qeyd etdi. O, ölkə və dünya üçün vacib olan bu tədbirdə bütün tələbələri də aktiv iştirak etməyə dəvət etdi.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramiz İdrisoğlu Azərbaycanın müasir şəhərsalma siyasəti, bu istiqamətdə ölkəmizdə görülməkdə olan işlər, həmçinin şəhər planlaşdırılmasında məşğulluq, inklüzivlik və mobillik imkanları və yeni yanaşmalar barədə məlumat verib.
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Huseynzadə WUF13 barədə ətraflı məlumat verərək universitetin müəllim və tələbələrini Foruma dəvət edərək bildirib ki, tədbirin proqramı artıq açıqlanıb. O qeyd edib ki, iştirakçılar tədbirə həm əyani, həm də onlayn formada qoşula bilərlər. Forum çərçivəsində keçiriləcək tədbirlərlə tanış olmaq üçün www.wuf13.az saytına daxil olmaq mümkündür.
WUF13 Festivalı axşam saat 18:00-da Dənizkənarı Milli Park ərazisində yerləşən “Saat qülləsi”nin yaxınlığında keçiriləcək ictimai proqramla davam edəcək.
Proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.