MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ
WUF13

WUF13 mövzusunda yerli QHT-lər üçün maarifləndirici sessiya təşkil olunub

12 fevral 2026

2025-ci il fevralın 12-də Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri üçün şəhərsalma, dayanıqlılıq prinsipləri və Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) həsr olunnmuş təlim təşkil olunub. WUF13 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı ilə keçirilən sessiyada 100-ə yaxın QHT nümayəndəsi iştirak edib. 

WUF13-ün milli koordinatorunun müavini Gülşən Rzayeva, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan üzrə rəhbəri Anna Soave, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva tədbirdə açılış nitqləri ilə çıxış ediblər. Məruzəçilər WUF13-ün mühüm qlobal tədbir olduğunu vurğulayaraq, maarifləndirici sessiyaların WUF13-ə hazırlıq prosesində önəminə diqqət çəkiblər. Bildirilib ki, tədbirə Bakının ev sahibliyi etməsi Azərbaycanda, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma, şəhərsalma proseslərinin və tətbiq olunan müasir yanaşmaların nümayiş etdirilməsi üçün mühüm fürsət yaradır.

Gülşən Rzayeva qeyd edib ki, WUF13-ün mövzusu “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər, yaşayış məskənləri” dayanıqlı şəhərsalma ilə bağlı bütün məsələləri əhatə edir və insanların yaşayış infrastrukturunun təminatı ilə yanaşı, onların sosial rifahına təsir göstərən amilləri də özündə birləşdirir. Gülşən Rzayeva vətəndaş cəmiyyətinin Ümumdünya Şəhərsalma Forumunun aparıcı maraqlı tərəflərindən biri olduğunu bildirərək, yerli qeyri-hökumət təşkilatlarını da bu ilin 11–15 may tarixlərində keçiriləcək “Bakı Şəhərsalma Həftəsi”ndə, eləcə də WUF13-də fəal iştirak etməyə çağırıb.

Anna Soave UN-Habitat tərəfindən həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası barədə məlumat verərək vurğulayıb ki, WUF13-ə hazırlıq mərhələsində kampaniya maraqlı tərəfləri öz təşəbbüslərini, debatlarını, nəşrlərini və icma fəaliyyətlərini “AUC2026” çətiri altında həyata keçirməyə, eləcə də “Bakı Şəhərsalma Həftəsi” zamanı seminarlar, incəsənət sərgiləri, ictimai dialoqlar, kino proqramları və digər müvafiq təşəbbüsləri reallaşdırmağa təşviq edir.

Aygün Əliyeva bildirib ki, Azərbaycan QHT-ləri COP29-da olduğu kimi WUF13-ə də böyük maraq göstərir, WUF13 pavilyonunda yerli QHT-lərin tədbirlər keçirməsi üçün Agentlik tərəfindən xüsusi məkan nəzərdə tutulur.  O,  116ölkədən QHT-lərin iştirakı ilə 2025-ci ildə təsis edilmiş Qlobal Cənub QHT Platformasının “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Baş Assambleyasının keçiriləcəyi barədə məlumat aldıqlarını, QHT Agentliyinin bu tədbirdə əsas tərəfdaş olacağını qeyd edib. 

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İşğaldan azad olunmuş ərazilərdə layihələrin idarə edilməsi şöbəsinin müdiri Ramil Cahangirov Qarabağ və Şərqi Zəngəzurda görülən yenidənqurma və bərpa işləri barədə ətraflı təqdimatla çıxış edib. O, qeyd edib ki, bu layihələr insan mərkəzli planlaşdırma, iqlimə davamlılıq, resurs səmərəliliyi və inklüzivlik prinsiplərinə əsaslanır. Bildirib ki, Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və Zəngilan kimi ərazilərdə aparılan tikinti və bərpa işləri “15 dəqiqəlik şəhər” konsepsiyası əsasında həyata keçirilir və bu konsepsiya əlçatanlıq, sosial inklüzivlik, təhlükəsizlik və xidmətlərə bərabər çıxışı təmin edir.

Təlim çərçivəsində iştirakçılara WUF13-ün proqramı və yenilikləri barədə təqdimat keçirilib. Sessiya zamanı şəhərsalma və dayanıqlılıq sahəsində qlobal çağırışlar, şəhərlərin karbon izinə təsir edən amillər və qabaqcıl beynəlxalq təcrübələr müzakirə olunub. 

Təlim sessiyasında müasir dövrdə iqlimə davamlı şəhər sistemləri, mənzil təminatı, şəhər mobilliyinin əhəmiyyəti, eləcə də vətəndaşlar üçün əlçatan və inklüziv şəhər inkişafı ilə bağlı təqdimatlar edilib. Müzakirələr zamanı iştirakçılar dayanıqlı şəhər inkişafında vətəndaş cəmiyyətinin rolu və bu sahəyə verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparıblar.

12 fevral 2026