Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) üçün könüllülərin qeydiyyatına start verilib
5 dekabr – Beynəlxalq Könüllülər Günü çərçivəsində 2026-cı ildə Bakının ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) səmərəli təşkili məqsədilə WUF13 Könüllülər Mərkəzinin rəsmi açılış mərasimi keçirilib. WUF13 Azərbaycan ƏməliyyatŞirkəti tərəfindən təsis edilən və təxminən 600 kvadrat metr sahəsi olan Mərkəzdə Forumun könüllülər heyətinin peşəkar hazırlığının, koordinasiyasının və təlimlərinin vahid platforma üzərindən idarə olunmasının həyata keçirilməsi nəzərdə tutulur.
Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov, BMT-nin WUF13 üzrə koordinatoru Abdinnasir Şel Saqar və BMT-nin Məskunlaşma Proqramının Azərbaycan üzrə rəhbəri Anna Soave iştirak edib.
Qeyd edilmişdir ki, WUF13 Könüllülük Proqramı gənclərin təşəbbüskarlığını, innovativ düşüncə tərzini, liderlik keyfiyyətlərini və beynəlxalq təcrübə qazanmaq imkanlarını dəstəkləyən inklüziv və interaktiv platforma olacaq.
“Bugünkü gənc nəsil çox böyük potensiala malikdir və sözün əsl mənasında öz enerjisi ilə bizə ilham verir. Biz görürük ki, gənclər həm şəhərlərin, həm də şəhərdaxili ictimai məkanların inkişafını formalaşdıran proseslərdə fəal və həvəslə iştirak edirlər. Müasir dövrün gəncləri yeni düşüncə tərzinə malikdir, onlar cəmiyyətin dəyişən ehtiyaclarını daha yaxşı anlamağa imkan yaradır və daha aktuallığı, praktikliyi ilə seçilən həll yolları təklif edirlər. Gənclərlə işləmək şəhərsalmanı daha dinamik, canlı və innovasiyaya açıq bir prosesə çevirir.
WUF13 Könüllülər Proqramı gənclərə özlərini ifadə etməklə yanaşı, yeni üfüqlər kəşf etmək və ölkəmizin insan kapitalının inkişafına töhfə verəcək təcrübə toplamaq imkanı qazandıracaq”, deyə Anar Quliyev bildirib.
Biz inanırıq ki, WUF13-də iştirak onlar üçün həm peşəkar, həm də şəxsi inkişaf baxımdan vacib və stimullaşdırıcı bir mərhələ olacaq.
Tədbir çərçivəsində WUF13 Könüllülük Proqramına qeydiyyat da açıq elan olundu. Forumda iştirak etmək istəyən 18 yaşdan yuxarı şəxslər https://volunteers.wuf13.az/azonlayn platforması vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçən, ingilis dilində sərbəst ünsiyyət bacarığına malik olan və 1 may 2026-cı il tarixinə qədər 18 yaşını tamamlamış şəxslər müsahibə mərhələsinə dəvət olunacaq. Müsahibədən uğurla keçən namizədlər təlim proqramına dəvət ediləcək. 2026-cı ilin yanvar–aprel aylarında keçiriləcək təlimlər ümumi məlumat, rol bölgüsü və məkanlar üzrə hazırlıq daxil olmaqla 3 əsas istiqaməti əhatə edəcək.
Forum zamanı WUF13 könüllüləri qlobal miqyaslı tədbirin iştirakçılarını qarşılayacaq, qeydiyyat və informasiya dəstəyi göstərəcək, müxtəlif sessiya və sərgilərdə təşkilati işlərə yardım edəcək, həmçinin mədəni proqramların həyata keçirilməsində iştirak edəcəklər. Mərkəzdə yaradılmış müasir tədris və iş mühiti könüllülərin öyrənmə imkanlarını genişləndirəcək, onların komanda işi, ünsiyyət və çoxmədəniyyətli mühitdə əməkdaşlıq bacarıqlarını gücləndirəcək.
WUF13 Könüllülük Proqramına dairəlavə suallar üçünvolunteers@wuf13.azelektron ünvanı və çağrı mərkəzinə 012 535 26 26 nömrəsi ilə müraciət etmək mümkündür.
Ümumdünya Şəhərsalma Forumu (WUF) BMT-nin Məskunlaşma Proqramının (UN‑Habitat) ərsəyə gətirdiyi dayanıqlı şəhər inkişafı mövzusuna həsr edilmiş dünyanın ən böyük beynəlxalq platformalarından biridir. 2026-cı ilin 17-22 may tarixlərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda Bakıda keçiriləcək Forumun 13-cü sessiyası hökumət, akademiya, biznes və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək şəhərlərin gələcəyinə dair qlobal dialoqa ev sahibliyi edəcək.