MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ
WUF13

WUF13 çərçivəsində təşkil olunacaq tərəfdaş tədbirləri ilə bağlı ilk məlumatlandırma sessiyaları keçirilib

19 yanvar 2026

Yanvarın 19-da özəl sektor nümayəndələri, akademik dairələr və tədqiqatçılar üçün bu il Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ilə bağlı ilk məlumatlandırma sessiyaları keçirilib.

Sessiyalar BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax iştirakçılara video-müraciəti ilə başlayıb. Daha sonra isə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, UN-Habitat və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nümayəndələri təqdimatlarla çıxış ediblər. 

Müxtəlif sahələri təmsil edən iştirakçılar tərəfdaş tədbirləri çərçivəsində əməkdaşlığa dəvət olunub, 7 müxtəlif istiqamət üzrə tədbirlərin təşkili ilə bağlı detallarla tanış olub və suallarını ünvanlamaq imkanı əldə ediblər. 

Tərəfdaşlar WUF13 çərçivəsində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna uyğun olaraq müxtəlif kateqoriyalar üzrə tədbirlər təşkil edə bilər. Bu kateqoriyalar arasında Şəbəkələşmə, Vahid BMT, Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi, Şəhər kinoteatrı, Şəhər Kitabxanası, Şəhərlərin Səsi və WUF Akademiyası yer alır.

Sessiyalarda 100-ə yaxın biznes nümayəndəsi, akademik dairələrin təmsilçiləri, tədqiqatçılar və onların şəbəkələri üçün WUF13 tədbiri barədə ümumi təqdimat keçirilib və iştirak imkanları barədə ətraflı məlumat verilib. 

Bakı və regionlardan nümayəndələri, həmçinin beynəlxalq iştirakçıları da bir araya gətirən bu onlayn sessiyalar, tərəfdaşlar üçün nəzərdə tutulan silsilə tədbirlərdən biridir. Əsas məqsəd milli təmsilçiliyi və iştirakçılığı təşviq etmək, eləcə də təcrübə mübadiləsi və məlumatların effektiv paylaşılmasını təmin etməkdir. 

Qeyd edək ki, hazırda 2026-cı il 17–22 mayda Bakıda keçiriləcək WUF13 çərçivəsində təşkil olunacaq Tərəfdaş tədbirləri üzrə qeydiyyat prosesi davam edir. Müraciətlərin qəbulu üçün son tarix 2026-cı il yanvarın 29-u müəyyən edilib. 

Qeydiyyat və tədbirlərin təşkili ilə bağlı əlavə məlumat üçün unhabitat-events@un.org elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür.

19 yanvar 2026