MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ
WUF13

Çinar ağacı

25 yanvar 2026

Azərbaycan mədəniyyətində çinar ağacı (Platanus orientalis) yalnız təbii element deyil, həm də tarixi məna daşıyan mühüm şəhərsalma komponenti kimi qiymətləndirilə bilər. Uzunömürlülüyü, möhtəşəm ölçüləri və geniş kölgəsi ilə çinar əsrlər boyu həyatın davamlılığı və icma birliyinin rəmzi hesab olunmuşdur. Orta əsrlərə aid Azərbaycan şəhərlərinin əksəriyyətində meydan–bulaq–məscid–hamam–çinar kompozisiyasına rast gəlinir.

Tarixən şəhər və kənd planlaşdırılmasında çinar ağacları mühüm rol oynamışdır. Dərin kök sistemi yeraltı sularla qidalandığından, bu ağaclar torpağın bərkiməsinə və ətraf tikililərin dayanıqlılığının artmasına müsbət təsir göstərmişdir. Çinarlar əsasən meydanlarda, məscid və karvansaraların ətrafında, eləcə də yol kənarlarında əkilərək həm kölgəlik yaradır, həm də ictimai toplaşma məkanlarının formalaşmasına xidmət edirdi. Xüsusilə isti iqlim şəraitində onlar insanların gündəlik sosial həyatında mühüm yer tutaraq istirahət və ünsiyyət üçün təbii mərkəz rolunu oynayırdı.

Azərbaycan ərazisində onlarla qədim çinar ağacı qorunub saxlanılmışdır. Şəkidə təxminən 500 yaşı olduğu ehtimal edilən iki çinar ağacı tarixi əhəmiyyətli təbiət abidələri hesab olunur. Bu ağaclar yerli sakinlər tərəfindən müqəddəs sayılır və hazırda qorunan təbiət abidələri siyahısına daxildir. Basqal qəsəbəsində yerləşən tarixi çinar isə dünyada kitabəsi olan nadir çinar ağaclarından biridir. Kitabədə onun 1563-cü ildə Şeyx Məhəmmədin oğlu Şeyx Səfayi tərəfindən əkildiyi qeyd edilir. Nəhəng gövdəyə və iri koğuşa malik bu ağac yerli əhali üçün ziyarətgah kimi qəbul olunur.

Bəsitçay Dövlət Təbiət Qoruğu Azərbaycan Respublikasının Zəngilan rayonunda, Bəsitçay hövzəsində yerləşir. Buradakı təbii çinar meşəsi sahəsi və ağacların fiziki göstəriciləri baxımından dünyada ən iri və nadir çinar meşələrindən biri hesab olunur. Məhz Şərq çinarının qorunması məqsədilə 107 hektar ərazidə bu təbiət qoruğu yaradılmışdır.

25 yanvar 2026