Qobustan Milli Tarix-Bədii Qoruğu
Qobustan Milli Tarix-Bədii Qoruğunda tarixəqədərki dövrün qayaüstü incəsənətindən tutmuş musiqili daşlara qədər Azərbaycan xalqının qədim keçmişi heyrətamiz qədim petroqliflər kolleksiyası ilə canlanır. İnsanlar, döyüşçülər, heyvanlar, qayıqlar, rəqslər, ov səhnələri, dəvə karvanları və s. təsvirləri əks etdirən bu petroqliflər 5000-20000 il əvvələ aid həyat tərzini əks etdirir.
Qobustan Qoruğu 7000-dən çox qayaüstü təsvirdən ibarət möhtəşəm kolleksiyanı özündə birləşdirir. Qoruq ərazisində həmçinin qədim yaşayış məskənləri, mağaralar və kurqanlar mövcuddur ki, bunların da hamısı Üst Paleolitdən Orta əsrlərə qədər ərazidə baş verən insan fəaliyyətini əks etdirir. Ümumilikdə, 4535 hektar ərazini əhatə edən bu məkan üzrə turlar müasir Qobustan Muzeyindən başlayır.
Qoruğun digər iki diqqətçəkən məqamı eramızın I əsrində bu ərazidə olmuş Roma əsgərləri tərəfindən qaya üzərində həkk olunmuş latınca tarixi yazılar və kiçik daşla vurulduqda unikal dəf səsi çıxaran 2 metr uzunluğunda “Qaval daşı” adlı musiqili daşdır.
Abidə 2007-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.