Beşbarmaq Dağı Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu
Beşbarmaq dağı Azərbaycan üçün həm təbiət, həm tarix, həm də mədəni irs baxımından çox əhəmiyyətli bir məkan olub Siyəzən rayonunun Qalaşıxı kəndi ərazisində yerləşir. Xəzər dənizi sahilinə yaxın yerləşən bu dağ Xıdır peyğəmbərin adı ilə bağlı hesab edilir və onun zirvəsində yerləşən ziyarətgah min illərdir ki, azərbaycanlılar tərəfindən müqəddəs hesab edilir. Şərqdən və qərbdən baxdıqda bu dağın qaya çıxıntıları insan əlinin beş barmağını xatırlatdığı üçün “Beşbarmaq” adlandırılmışdır. Burada qədim yaşayış yerləri, V-VI əsrlərə aid edilən və Sasanilər tərəfindən şimal tayfalarına qarşı müdafiə məqsədi ilə inşa edilmiş Beşbarmaq səddi, orta əsr qala yerləri, tunc dövrünə aid edilən nekropol və arxeoloji abidələr, unikal məzar daşlarının yerləşdiyi qədim qəbirstanlıqlar yerləşir. Beşbarmaq dağı həmçinin unikal təbiət hadisəsinin, köçəri quşların şimaldan cənuba miqrasiya xəttinin üzərində yerləşir və buna görə də ornitoloqlar tərəfindən qiymətləndirilən təbiət ərazisi hesab edilir. Belə ki, Beşbarmaq dağı ilə Xəzər dənizi arasındakı düzənlik ən dar keçid olduğu üçün bura köçəri quşların miqrasiyasının darboğazı (bottleneck) hesab edilir və onları müşahidə etmək üçün əlverişli yerlər də mövcuddur. Bütün bunlar ərazini ekoturizm və arxeoturizm üçün maraqlı istiqamətə çevirir.
Azərbaycanın mədəni irs və milli tarixi məkanı kimi üstün dəyərləri nəzərə alınaraq Beşbarmaq dağı və onun ətraf ərazilərində 2020-ci ildə “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu yaradılıb. Bu məkan həm mənəvi-dini ziyarətgah, həm də təbiət turizmi üçün cazibədar məkan sayılır.