Xınalıq kəndi
Quba rayonunun 2000 metrdən çox yüksəklikdə, dağlıq ərazidə yerləşən Xınalıq kəndi nəinki Azərbaycanın, hətta bütün Qafqaz bölgəsinin ən qədim yaşayış məskənlərindən biri kimi tanınır. Buranın sakinləri olan Xınalıqlılar özünəməxsus Xınalıq dilində danışırlar və digər bölgələrdən fərqlənən unikal adət-ənənələrə malikdirlər. Xınalıq kəndi dağ relyefinə uyğunlaşdırılmış memarlıq üslubu seçilir. Buradakı evlər pilləli şəkildə bir-birinin üzərində yerləşir və çox vaxt bir evin damı digər ev üçün həyət rolunu oynayır. Bu planlaşdırma həm sərt iqlim şəraitinə uyğunlaşma, həm də məhdud ərazidən səmərəli istifadə baxımından mühüm əhəmiyyət daşıyır.
Xınalıq kəndində və ətraf ərazilərdə tarixi minillərlə ölçülən qədim nekropollar, tarixi məscid və türbələr, dəyirmanlar, qədim su şəbəkə xətləri, bulaqüstü tikililər, müqəddəs hesab edilən mağaralar yerləşir. Kənd orta əsr məhəllə strukturunu bu günə qədər qoruyub saxlamışdır. Təsadüfi deyil ki, Xınalıq kəndinin ərazisi 2007-ci ildə Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu elan edilmişdir.
Xınalıq kəndinin xüsusiyyətlərindən biri də buranın əhalisinin köçəri qışlaq və yaylaq mədəniyyətini, qədim köç yolu ənənəsini qoruyub saxlamasıdır. Xınalıq əhalisi yay ayları ərzində kəndin yaxınlığında yerləşən Qafqaz dağlarının subalp çəmənliklərinin yay otlarından, qış aylarında isə buradan 200 kilometr uzaqlıqdakı qış otlaqlarından istifadə edirlər. Bununla əlaqədar, bu geniş mədəni irs ərazisi 2023-cü ildə mövcud qoruğun ərazisi genişləndirilmiş və “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu elan edilmişdir. Eyni tarixdə Ümumdünya İrs Komitəsinin tərəfindən qoruq ərazisinin ümumbəşəri dəyərləri nəzərə alınaraq, bütöv bir mədəni landşaftı kimi UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmişdir.