MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ
WUF13

Palçıq vulkanları turizm kompleksi

26 yanvar 2026

Azərbaycan palçıq vulkanları ilə zəngin olan nadir ölkələrdən biridir və bu fenomen ölkənin təbii irsinin ən unikal elementlərindən biri hesab olunur. Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanının təxminən 30 faizi — yəni 400-ə yaxını — məhz Azərbaycanın ərazisində yerləşir. Bu vulkanlar əsasən Abşeron yarımadasında, Bakı arxipelaqında, Şamaxı, Qobustan və cənub-şərqi Şirvan bölgələrində, eləcə də Xəzər dənizinin akvatoriyasında yayılmışdır.

 

Palçıq vulkanları geoloji baxımdan unikal təbiət hadisəsidir. Onların fəaliyyəti nəticəsində yerin dərin qatlarından çıxan palçıq, qaz və mineral tərkibli süxurlar yer səthinə yayılır. Azərbaycandakı vulkanların bir çoxu aktivdir və vaxtaşırı püskürmələr baş verir. Bu xüsusiyyət onları həm elmi tədqiqatlar, həm də turizm baxımından xüsusi maraq obyektinə çevirir.

 

Bu nadir təbiət abidələrini yaxından müşahidə etmək və onlar haqqında ətraflı məlumat əldə etmək üçün Bakı şəhərindən 80 kilometr məsafədə, aktiv palçıq vulkanlarının əhatəsində, 12 hektar ərazini əhatə edən Palçıq Vulkanları Turizm Kompleksi yaradılmışdır. Kompleksin ərazisində yerləşən “Qılınc” palçıq vulkanı bir cərgədə düzülmüş səkkiz sopkadan ibarətdir. Bu vulkandan çıxan brekçiya (kobud qırıntılı süxurlar) geniş bir sahəni əhatə edir.

 

Kompleksdə, həmçinin, Azərbaycanın geoloji irsinə həsr olunmuş sərgi, yerli və dünya faunasına aid heyvan skeletlərindən ibarət təbiət ekspozisiyası, eləcə də təbii minerallar sərgisi fəaliyyət göstərir.

26 yanvar 2026