MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ
WUF13

Şəki memarlığı

25 yanvar 2026

Şəki Azərbaycanın ən mənzərəli şəhərlərindən biri, sənətkarlıq, ticarət və memalıq şəhəri hesab olunur, daş döşənmiş əyri küçələri, tarixi plan quruluşu və özünəməxsus memarlıq tərzi ilə seçilir. Şəki şəhərinin tarixi hissəsi ənənəvi orta əsr Azərbaycan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayır və təbii landşaftla tarixi tikililərin vəhdəti əsrlər boyu formalaşmış bənzərsiz şəhər panoramasını yaradır. Bu xüsusiyyətlərinə görə Şəkinin tarixi hissəsi 1967-ci ildə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu elan edilmişdir. 

Şəkinin tarixi hissəsinin memarlıq ənənəsi XVIII–XIX əsrlərdə formalaşaraq yerli iqlim şəraiti, relyef xüsusiyyətləri və sosial-mədəni həyat tərzinin təsiri altında inkişaf etmişdir. Bu dövrdə Şəki böyük ticarət və ipəkçilik mərkəzi olduğundan, bu fəalliyyətlər tikililərin xüsusiyyətlərində və yerləşməsində öz əksini tapır. Burada karvansaraylara, tağlı körpülərə, iri məscid və mədrəsələrə, tarixi bulaqlara, dəyirmanlara, tarixi hamamlara, zəngin tacirlərə məxsus olmuş malikanələrə rast gəlmək olur. Tikintidə yerli çay daşı, kərpic və ağac materialdan istifadə şəhərə təkrarolunmaz bir tərz bəxş edir. 

Şəkinin əsas memarlıq abidələri sırasında xüsusən Xan sarayı özünün ümumbəşəri dəyərləri ilə seçilir. XVIII əsrdə Xanlıqlar dövründə tikilmiş bu nadir abidə şəhərin yuxarı hissəsində yerləşən qala kompleksinin daxilində, qədim çinar ağaclarının əhatəsində yerləşir. Sarayın ən diqqətəlayiq xüsusiyyətlərindən biri dekorativ-tətbiqi sənətin nadir nümunəsi olan şəbəkə pəncərələridir. Minlərlə taxta və rəngli Murano şüşə hissəciklərindən ibarət bu konstruksiyalar mismar və yapışqan istifadə edilmədən yığılır və interyerə unikal işıq-kölgə effekti verir. Binanın daxili divarlarını çoxsaylı rəsmlər, güzgü və taxtadan hazırlanmış dekorativ elementlər bəzəyir. 

Şəki Şərq və Qərbi birləşdirən qədim ticarət marşrutları üzərində mühüm dayanacaq olmuş, xüsusilə XIX əsrdə regionun ipək istehsalı mərkəzlərindən biri kimi tanınmışdır. Çoxsaylı karvanlar və tacirlər Şəkidən keçdiyi üçün şəhərdə bir neçə karvansaray fəaliyyət göstərmişdir. Bu gün onların yalnız ikisi – Yuxarı Karvansaray və Aşağı Karvansaray qorunub saxlanılmışdır. XVIII əsrdə inşa edilən bu tikililər həm memarlıq, həm də funksional baxımdan Şəkinin ticarət tarixini əks etdirir. Şəkidə bu gün də ipəkçilik ənənələri, eyni zamanda bir sıra digər sənətkarlıq sahələrini qorunub saxlamışdır. 

Bütün bu xüsusiyyətlər nəzərə alınaraq, Şəkinin tarixi hissəsi 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

25 yanvar 2026