Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
Azərbaycan milli musiqili komediya janrı XX əsrin əvvəllərində yaranmışdır. Opera Azərbaycan milli musiqili komediya janrı XX əsrin əvvəllərində yaranmışdır. Opera janrında olduğu kimi, bu janrın da banisi Üzeyir Hacıbəyli olmuşdur.
Onun 1909-cu ildə yazdığı “Ər və arvad” musiqili komediyası ilk dəfə 24 may 1910-cu ildə Bakıda Nikitin qardaşlarının sirk binasında səhnələşdirilmişdir. Məhz bu tamaşa ilə Azərbaycan Musiqili Komediya Teatrının əsası qoyulmuşdur.
Bu gün teatrın repertuarında təxminən 50 tamaşa yer alır. Böyük bəstəkar Üzeyir Hacıbəylinin “Ər və arvad” operettasının səhnələşdirilməsi ilə 1910-cu ildə əsası qoyulan və zəngin yaradıcılıq yolu keçən Azərbaycan Dövlət Akademik Musiqili Teatrı fəaliyyətini Bakıda 1883-cü ildə görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə tikilmiş ilk teatr binasında davam etdirir. Binanın layihələndirilməsi və tikintisinə mühəndis-memar Lemkul rəhbərlik etmişdir.
1922–1960-cı illərdə bu binada Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı fəaliyyət göstərmişdir. 1988-ci ildə bina qəzalı vəziyyətdə olduğu üçün sökülmüş və yerində yeni bina tikilməyə başlanmışdır. Yeni binanın tikintisinin başa çatdırılmasına xüsusi diqqət yetirən Ümummilli Lider Heydər Əliyev 10 oktyabr 1998-ci ildə keçirilən açılış mərasimində də iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2010-cu il tarixli sərəncamına əsasən teatr əsaslı təmir və bərpa olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 oktyabr 2013-cü il tarixli 287 nömrəli Qərarı ilə teatrın adını Azərbaycan Dövlət Musiqili Teatrı olaraq dəyişdirilmişdir. Daha sonra 5 mart 2019-cu il tarixli Sərəncamla teatr sənətinə dövlət dəstəyinin gücləndirilməsi məqsədilə teatra “Akademik” statusu verilmişdir.