MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ
WUF13

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi

28 aprel 2026

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 1967-ci ildə yaradılmışdır. Muzeyin əsas məqsədi Azərbaycan musiqi tarixini əks etdirən materialların toplanması, qorunması, tədqiqi və təbliğidir.

Muzeyin fondlarında 63 mindən çox eksponat saxlanılır. Buraya tar, kamança, saz, qaval, qoşa nağara, zurna və ney kimi milli musiqi alətləri, eləcə də asa-tar və asa-saz kimi nadir alətlər daxildir. Muzeydə həmçinin orta əsrlərdə geniş istifadə olunmuş və sonradan bərpa edilərək yenidən musiqi dövriyyəsinə qaytarılmış Şərq musiqi alətləri də nümayiş etdirilir. Dünyanın müxtəlif xalqlarına aid musiqi alətləri xüsusi kolleksiyada təqdim olunur.

Muzeydə muğam və aşıq sənətinin görkəmli ifaçılarına məxsus not əlyazmaları, məktublar, şəxsi əşyalar, afişalar, proqramlar, fotoşəkillər, təsviri incəsənət nümunələri, kitablar və digər materiallar qorunur.

Burada, həmçinin milli professional bəstəkarlıq məktəbinin tanınmış nümayəndələri — Üzeyir Hacıbəyli, Qara Qarayev və Fikrət Əmirov, eləcə də Azərbaycan vokal məktəbinin banisi Bülbül, görkəmli müğənni Şövkət Məmmədova və ilk azərbaycanlı balerina Qəmər Almaszadəyə aid materiallar da saxlanılır.

28 aprel 2026