Kəlağayı
İpəkçilik ənənələri Azərbaycanda formalaşmış zəngin sənətkarlıq sisteminin əsas istiqamətlərindən biri olmaqla, xüsusilə kəlağayı sənəti ilə sıx bağlıdır. Zərifliyi və estetik dəyəri ilə seçilən kəlağayı Azərbaycan qadınının ənənəvi geyim mədəniyyətində mühüm yer tutur. Mürəkkəb və gözoxşayan naxışlarla bəzədilmiş bu baş örtüyü sevgi, gözəllik, sülh və əmin-amanlıq kimi dəyərləri simvolizə edir.
Kəlağayının hazırlanması çoxmərhələli və yüksək ustalıq tələb edən bir prosesdir. Bu məmulat yalnız xalis ipəkdən, kvadrat formada hazırlanır və xüsusi texnika ilə boyanaraq naxışlanır. Bu sənət bu gün də Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə Şəki və Basqal kimi tarixi ipəkçilik mərkəzlərində yaşadılmaqda və inkişaf etdirilməkdədir.
Zəriflik və qadınlıq rəmzi kimi qəbul edilən Azərbaycan kəlağayısı bu gün də milli kimliyin mühüm elementlərindən biri hesab olunur. Bu ənənənin tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq, “Kəlağayı simvolizmi və ənənəvi sənəti” 2014-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahıya daxil edilmişdir.